Erkən ölümə səbəb olan tənhalıqla bağlı yeni araşdırma

2
May
2024
05:14

ABŞ-da aparılan araşdırma insanların yaşlandıqca tənhalaşdığını və bunun erkən ölüm üçün çox ciddi risk yaratdığını ortaya çıxarıb.

Yeni bir araşdırma tənhalığın insanın həyatı boyu əvvəlcə azaldığını, sonra isə yenidən artdığını müyyən edib.

ABŞ-nin Northwestern Medicine qurumunun beynəlxalq məlumatlardan istifadə edərək apardığı araşdırmaya görə, tənhalıq gənclərdə çox olduğu halda, orta yaşa doğru azalır və qocalıqda ən yüksək həddə çatır.

Araşdırmalara görə, tənha qalanların əhəmiyyətli bir hissəsini qadınlar təşkil edir. Aşağı təhsilli və aşağı gəlirli seqmentlər də tənhalığa daha çox meyllidirlər.

Northwestern Universitetinin Tibb Fakültəsindən Ayilin Qrehem gənclərin tənhalıqdan əziyyət çəkməsinin diqqətəlayiq məsələ olduğunu bildirib.

“Psychological Science” elmi jurnalında dərc edilən araşdırmada tənhalığın yaratdığı risklərə də diqqət çəkilib.

Qrehem təkliyin sağlamlığa zərərli təsirləri olduğunu vurğulayıb. O, sosial ünsiyyətin olmamasının erkən ölümlərdə ən azı siqaret istifadəsi qədər rol oynadığını qeyd edib.

O, xüsusilə qocalıqda tək olan insanlara dəstəyin çox vacib sağlamlıq gündəmi olduğunu söyləyib.

Digər tərəfdən, çox yüksək sosial qarşılıqlı əlaqəyə malik bir insanın da tənha hiss edə biləcəyi vurğulanıb.

Xatırladaq ki, daha əvvəl ABŞ da daxil olmaqla, bir çox ölkənin səhiyyə qurumu tənhalığın cəmiyyətlərdə “epidemiyaya çevrildiyini” və ölümcül nəticələri olduğunu bəyan etmişdilər.