Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü il seçkilərində qalib gəlsə, ölkəyə rəhbərlik etdiyi müddətə görə SSRİ lideri İosif Stalini keçəcək.
Azreform.info xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.
Nəşrin yazdığına görə, Putinin 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyi gözlənilir.
“Rusiyanın hazırkı lideri bu vəzifəyə ilk dəfə 2000-ci ildə gəlib. Bundan sonra Putin 2004, 2012 və 2018-ci illərdə yenidən prezident seçilib. Əgər Putin Kremldə daha 6 illik səlahiyyət müddətini başa vursa, o, 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalini keçəcək. Və sonra o, 18-ci əsrdə Böyük Yekaterinanın dövründən bəri ölkəni ən uzun müddət idarə edən Rusiya dövlətinin başçısı olacaq”, - nəşr yazır.
Nəşr onu da qeyd edir ki, Putinin 2024-cü il seçkilərində qalib gəlmək şansı kifayət qədər yüksəkdir, çünki onun “ciddi rəqibi yoxdur”.
Mürtəza
Azreform.info