ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş Nazirinin Ofisinin yaydığı birgə bəyanatı alqışlayır.
Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
ATƏT PA bu bəyanatı regionda davamlı sülh üçün tarixi addım kimi qiymətləndirib.
“Mən Ermənistan Respublikası və Azərbaycan Respublikası liderlərinin iki ölkə arasında etimadın yaradılması üçün atdıqları qətiyyətli addımları yüksək qiymətləndirirəm. Xüsusilə, humanizm və xoşməramlılıq dəyərlərinə əsaslanan hər iki tərəfdən hərbi qulluqçuların azad edilməsi gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün ilham mənbəyi olacaq”, - Prezident Kauma bildirib.
“Bu birgə bəyanat və onunla bağlı praktiki addımlar sülhə birgə sadiqliyi nümayiş etdirir. Bu, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə doğru tarixi keçid ola bilər”, - deyə xüsusi nümayəndə Henriksen bildirib.