Beşikdə qalan demokratiya: Makronu narahat edən söz azadlığı - ŞƏRH

6
Dek
2023
22:46

Ötən gün yayılan xəbərə əsasən, Azərbaycanın dövlət xəbər agentliyinin - AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş xüsusi müxbiri Aygün Həsənovanın jurnalist kimi hüquqları pozulub.

Media nümayəndəsi bütün konsulluq qaydalarına uyğun şəkildə bölgəyə gəlsə də, adadakı Fransa polisi qanunazid davranaraq onu ərazidən deportasiya edib.

Azərbaycan jurnalistinə qarşı belə bir addım Fransa hakimiyyətinin diktatorluq, müstəmləkəçilik siyasətini davam etdirməsinin bariz nümunəsidir.

Birmənalı demək olar ki, bu, demokratiyanın bütün prinsiplərinə hörmətsizlik, diskriminasiyadır. Hakimiyyətinin dayanıqsızlığından qorxan Prezident Makron mətbuatdan, söz azadlığından çəkinir. Əks halda, Aygün Həsənovanın Yeni Kaledoniyadan bir reportaj hazırlaması Fransa üçün nəyi dəyişəcəkdi?!

Yelisey sarayının söz, fikir və mətbuat azadlığına dözümsüzlüyü tabeliyində olan başqa bölgələrdə də özünü göstərir.

Bu, rəsmi Parisin mətbuat azadlığına qarşı ilk hadisə deyil. Bu ilin sentyabrında Rusiya jurnalistlərini də Emmanuel Makronun mətbuat konfransına buraxmayıblar. Hətta buraxılsaydılar belə, onlar Yelisey sarayı üçün hansı təhlükə yarada bilərdilər?

Fikrimizcə, bu, daha çox Makronun kölgəsindən ürkdüyünü göstərir.

Fransa tarixdə demokratiyanın beşiyi sayılsa da, bu ölkə demokratik ola bilmir. Başqa sözlə, demokratiya elə beşikdə qalıb yellənir, böyümür.

Bu səbəbdən Fransa da böyük ola bilmir. Ötən əsrdə baş verən iki dünya müharibəsindən sonra imperiyalar demokratik inkişaf yolunu tutdular. Müstəmləkələrdən imtina etdilər. Məsələn, Böyük Britaniya, Osmanlı imperiyası belə ərazilərdən çıxdılar. Yeni dövlətlər yarandı. Həmin əraziləri əldə saxlamaq üçün yenidən cəhdlər edilmədi. Ancaq Fransa çıxdığı, yaxud qovulduğu torpaqlardan, keçmiş müstəmləkələrindən hələ də əl çəkmir. Təkcə 20-ci əsrin ortalarında Fransa Respublikasının keçmiş müstəmləkə torpaqlarında törətdiyi cinayətlər bunu təsdiqləyir. Bu ölkə 1959-69-cu illərdə Şarl de-Qolun diktaturasını yaşayıb.

Sonrakı illərdə demokratiyanın inkişafı istiqamətində atılan addımlar bu ölkəni dəyişmədi. Özünü demokrat kimi göstərən Fransa günümüzədək ksenofob, antimultikultural və irqçi mahiyyətini gizlətməyib. Bunu Fransa siyasilərinin çıxışlarında, dözümsüzlüklərində də görmək mümkündür.

Fransa Qvineyasında anadan olan keçmiş ədliyyə naziri Kristian Tobiraya qarşı irqçi hücum kampaniyası da Fransa siyasətindəki böhran vəziyyətinin əlamətidir. Müxtəlif media orqanları da ona qarşı hücuma keçmişdilər. Məsələn, “Minute” jurnalı naziri ələ salaraq “Meymun kimi hiyləgər Tobira yenə banan tapır” başlığı altında redaksiya məqaləsi dərc etmişdi. Yaxud insanların dini heysiyyətlərini aşağılayan “Şarli Hebdo” dərgisində yayılan karikatura da Fransa dövlətinin irqçi, şovinist mahiyyətindən irəli gəlir. Hakimiyyətin bir qayda olaraq bunu söz və fikir azadlığı ilə əlaqələndirməsi rəsmi Parisin demokratiyaya səthi yanaşmasının göstəricidir.

Ölkədə etiraz aksiyalarının qarşısının güc yolu ilə alınması isə sərbəst toplaşmaq azadlığının boğulmasının bariz nümunəsidir. Emmanuel Makron prezident olandan Fransada demokratik dəyərlər daha çox tapdanır.

2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “sarı jiletlilər”in etiraz aksiyası keçirilib. Hakimiyyət iddia edib ki, bu addım havanın çirklənməsinə qarşı atılıb.

Təqaüdə çıxmaqla bağlı yaş senzinin artırılmasına qarşı da etiraz aksiyalarının aqibəti eyni olub. Makron hakimiyyəti islahat adı altında bu aksiya iştirakçılarının hüquqlarını pozub, onların haqlı tələblərinə əməl olunmayıb.

Həmin günlərdə Fransada keçirilən rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 80 faizi “sarı jiletlilər”i dəstəklədiyini bildirmişdi.

Qeyd edək ki, Yeni Kaledoniyada 3 500 ilə yaxındır yaşayışın olduğu deyilir. Fransa 1853-cü ildə buranı özünün mülkü elan edib. 1864-96-cı illərdə Fransa hökuməti adaya mühakimə olunmuşları, o cümlədən siyasi müxalifləri sürgün edib. Onların arasında dövrünün tanınmış inqilabçısı, şairi, yazıçısı, müəllimi Luiza Mişel də olub. 1946-cı ildə Yeni Kaledoniya Fransanın Dənizaşırı bölgəsi statusunu alıb. Sonrakı illərdə adada Fransa ağalığına qarşı mübarizə daim davam edib.

2019-cu ilin parlament seçkisində müstəqilliyə qarşı olanların 29, müstəqillik tərəfdarı olanların 26 yer qazanması Fransa müstəmləkəçiliyinə qarşı müqavimətin davam etdiyindən xəbər verir.

Emmanuel Makron hakimiyyəti 2021-ci ildə Yeni Kaledoniyada referendum keçirib. Ancaq iştirakçıların sayı əvvəlki siyasi kampaniyalardan iki dəfə az olub. 170 ildir ələ keçirdiyi ərazidən əl çəkmək istəməyən Fransa Prezident Makronun timsalında neokolonializm siyasəti yürüdür.

Rəsmi Paris baş verən hadisələrlə bütün beynəlxalq normaları və demokratik dəyərləri tapdalayır. Hadisələr sübut edir ki, dünyaya söz, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı kimi prinsiplərlə bağlı iradlar tutub yol göstərən Parisin həqiqəti görməyə gözü, eşitməyə qulağı yoxdur. O, Azərbaycan jurnalistinin Yeni Kaledoniyadan həqiqətləri yazmasından, Fransanın bölgədəki mahiyyətini ifşa etməsindən qorxur.

Təəssüf ki, Fransada demokratik prinsiplər böyümür ki, böyümür...

“Report” İnformasiya Agentliyi