PEC+ hasilat intizamını qoruyub saxlasa və dünya bazarlarında neft hasilatının artımının qarşısını ala bilsə, bu il spot neft qiymətləri bir barel üçün 100 ABŞ dollarına çata bilər. Bunu “Vitol” xammal ticarəti üzrə müstəqil qrupunun baş direktoru Rassel Hardi deyib. “Brent” markalı neftin fyuçersləri ilin əvvəlindən təxminən 20 % artaraq aprelin 8-də ötən ilin oktyabr ayından bəri ilk dəfə olaraq 91 ABŞ dolları/barel səviyyəsindən yuxarı satılıb. Bu, Yaxın Şərqdə münaqişənin genişlənməsi, tədarük zəncirinin pozulması ilə bağlı narahatlıqlarla bağlıdır. Qlobal iqtisadi artım tempi ilə bağlı narahatlıqlar tələb proqnozlarına təsir etdiyindən OPEC+ həmçinin neft qiymətlərini dəstəkləmək üçün 2022-ci ilin sonundan könüllü hasilatın azaldılması çərçivəsində gündəlik təxminən 5 milyon barel nefti bazardan çıxarıb.
Hazırda büdcədə neftin bir bareli 60 dollardan götürülüb. Neftin qiyməti artarsa, ölkəmizdə əməkhaqqı, pensiya və digər müavinətlərin artmasını proqnozlaşdırmaq olarmı?
Mövzu ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Cebhe.info” -ya bildirib ki, neftin qiymətinin artması Azərbaycanın proqnozlaşdırılan gəlirlərinin artmasına səbəb olur:
“Azərbaycanın gəlirlərinin artması Dövlət Neft Fondunun ehtiyatlarının çoxalmasından yarana bilər. Nəticə etibarı ilə də Neft Fondundan dövlət büdcəsinə transfertlərin genişlənməsinə səbəb olar. Büdcənin imkanlarının genişlənməsi də xərclər maddəsinə yenidən baxılmasına şərait yaradır. Neftin qiymətinin baha olması və bu qiymətlərin sabit qalması həm Neft Fondunun gəlirlərini, həm də büdcəni artırır”.
Ekspert vurğulayıb ki, bu ilin ikinci yarımilindən etibarən ənənəvi olaraq Azərbaycan dövlət büdcəsinin xərclər və proqnozlar maddələri yenidən müzakirə ediləcək:
“Bu ilin yay aylarında büdcə xərclərinə yenidən baxılması proqnozlaşdırılır. Gözlənilir ki, iyun ayında məsələyə yenidən baxılsın. Lakın nəzərə almalıyıq ki, OPEC+ vizionunda ölkələrinin neft hasilatı könüllü şəkildə azalmasına dair öhdəlikləri iyun ayının birində başa çatır və iyun ayında OPEC ölkələrinin bu məsələ ilə bağlı nazirlər səviyyəsində görüşü nəzərdə tutulub. Bu görüşdə neft hasilatının artırılmaması və idarə olunan səviyyədə qorunub saxlanması haqqında qərar verirlərsə, neftin qiyməti indiki səviyyədə qalacaq. Yəni azalmayacaq, lakin burada biz Amerika Birləşmiş Ştatları ilə Ərəbistan arasındaki münasibətlərə diqqət etməliyik”.
Ekspert qeyd edib ki, ABŞ Ərəbistana təzyiq göstərək ikinci yarım ildən etibarən neft hasilatının artırılmasını, doqquz milyon bareldən daha çox hasilat tələb edə bilər:
“Bu təzyiqlərə Səudiyyə Ərəbistanının nə qədər boyun əyəcəyini iyun ayında görəcəyik. Əgər hasilatın artırılması ilə bağlı qərar verilməzsə, Ərəbistan ABŞ-nin təzyiqlərinə boyun əyməzsə, neftin qiyməti indiki səviyyədə qorunub saxlanılarsa, o zaman neftin qiymətinin ilin sonuna qədər 90 dolların üzərində olduğunu görə bilərik. Hazırda isə neftin bir barelinin qiyməti 83 dollardır”.