Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiram

9
Noy
2023
14:28

 

Azərbaycan xalqı dövlətə və onun simvollarına çox bağlı bir xalqdır. Üçrəngli bayrağımızı görəndə özümüzdən asılı olmayaraq qürrələnirik, fərəhlənirik. İndi hər bir evdə 8 guşəli ay-ulduzlu bayrağa rast gəlmək mümkündür.

Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bayraq Respublikanın varlığını təsdiqləyən, millətini ucaldan, hər bir vətəndaşı qürurlandıran dövlət rəmzdir. Dövlət Bayrağımızın bu üç rəngi Türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirirdi. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sesiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən zala gətirilərək ucaldıldı. Beləliklə görkəmli dövlət xadimi Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilən ay-ulduzlu üç rəngli bayrağını gələcək müstəqil Azərbaycanın Dövlət Bayrağına çevirdi. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Ulu Öndər Heydər Əliyev bildirirdi ki, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”;

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib. Üçrəngli, Ay- ulduzlu bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı-canı bahasına başa gəlmiş, xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şanlı şahididir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir və həm də dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir.

Qəhrəman xalqımız 44 günlük Vətən müharibəsində üç rəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız “Təki Vətən sağ olsun"- deyib mübarizəyə qoşuldu. Yenilməz Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. Bəli, bu gün artıq Azərbaycan xalqı bu şərəfli tarixin şahididir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd eymişdir ki: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu möhtəşəm bayram günündə iftixar hissi keçiririk ki, Ümumilli Liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi olaraq dalğalanacaqdır.

Bəkir Əsgərzadə
Xətai Rayonu İcra Hakimiyyətinin, Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsi-böyük məsləhətçi