"Ermənistandan təzminat məsələsini çox kəskin şəkildə qabartmalıyıq"

1
Dek
2023
13:06

Bu gün Ermənistan baş naziri N. Paşinyan sağa-sola vurnuxur. Bəlkə də vurnuxur yumşaq ifadədir. O, gah Rusiya, gah Qərb kartından istifadə edərək sülh müqaviləsi imzalamaqdan yayınır. Ermənistan rəsmiləri bir tərəfdən sülhdən danışırlar, digər tərəfdən silahlanmaya meyl edərək, Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Bir sözlə çox təhlükəli oyunlar oynayan Paşinyana etibar etmək olmaz.

Azreform.info xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib.

Təbii ki, müharibə bitsə də biz diplomatik cəbhədə və hüquqi sferada fəaliyyətimizi artırıb Ermənistandan təzminat məsələsini çox kəskin şəkildə qabartmalıyıq. Proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bu günkü sülh şərtlərinə dərhal razılıq versin:

"Ermənilərin son 30 ildə törətdiyi terror aktlarına, Azərbaycanın bu qədər şəhər və kəndlərini yer üzündən sildiyinə görə hüquqi müstəvidə cavab verməlidir. Cəzasızlıq, cinayət əməlinə görə məsuliyyətdən yayınma bəşəriyyəti fəlakətə sürükləməklə bərabər Cənubi Qafqazda ədalətli sülhü mümkünsüz edib. Regionu yeni müharibə meydanına çevirmək istəyən məkrli qüvvələr planları görünür.

Əlqərəz təzminat məsələsinin qabardılması Ermənistanın manevr imkanlarını məhdudlaşdıracaq. Onu da qeyd edim ki, müharibələr və işğal dönəmləri ilə bağlı qarşı tərəfə təzminatın ödənilməsi məsələsində beynəlxalq aləmdə kifayət qədər təcrübələr var.

“Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Həmçinin II Dünya müharibəsində vurduğu ziyana görə, İsrail dövləti Almaniyadan son illərə qədər böyük məbləğdə təzminat alırdı. Belə faktların sayını artırmaq olar. Mənim qənaətimcə, Ermənistanın vurduğu ziyana görə, qaldırılan hüquqi proseslərdə rəsmi strukturlarla bərabər, bu, prosesdə Vətəndaş Cəmiyyəti İnstitutlarının potensialından istifadə olunmalıdır".