DİN-in mətbuat katibi vətəndaşlara ÇAĞIRIŞ ETDİ

1
Dek
2023
10:56

"Əgər kimsə sizə “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rusvayedici məlumatlar paylaşacağam”- deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisə məlumatlandırın".

Azreform.info-nun məlumatına görə, bu çağırışı vətəndaşlara Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev edib.

“Əgər bir dəfə tələb olunan pulu versəniz, o adam davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcək”, - deyən E.Hacıyev bildirib ki, nazirlik əməkdaşları dünən şantajla məşğul olan belə bir şəxsi yaxalayıblar.

“Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhdində isə yaxalanıb”.

Qeyd edək ki, yaxalanan şəxs paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədovdur. O, Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə əvvəlcə 1000 manat pul alıb.
Noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.