Azərbaycan xarici siyasətində hücum istiqamətində davam etməlidir

30
Noy
2023
16:01

Azərbaycan xarici siyasətində sistemli müdafiə deyil, hücum istiqamətində davam etməlidir. İkinci Qarabağ müharibəsindən sonra xarici siyasətdə arxayınlaşmaq Qərbdə ölkəmizə qarşı total siyasi təzyiqlərlə başladı. Ermənistan məhz Azərbaycanın arxayınlaşmaq siyasətindən istifadə edərək Qərbdə anti-Azərbaycan cəbhəsi yaratmağa müəyyən dərəcədə nail oldu.

Azreform.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Ermənistan Azərbaycanın strateji tərəfdaşları ilə sıx siyasi əlaqələri inkişaf etdirir, birgə hərbi əməkdaşlıq danışıqları aparır. Böyük Britaniya, İtaliya, Macarıstan, Çexiya Ermənistanla yüksək səviyyədə ikitərəfli əlaqələri inkişaf etdirməyi hədəfləyir. Həmçinin müsəlman ərəb ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir. Artıq Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr quruldu. Halbuki Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamayıb. Yerevan tərəfindən şərtlər irəli sürülür və hərbi təxribatlarda istisna deyil:

"Azərbaycan təkcə türk dövlətləri ilə deyil, Qərblə, ərəb ölkələri ilə siyasi əlaqələri inkişaf etdirməli, arxayınlaşmaq lüksündən imtina etməlidir. Beynəlxalq müstəvidə təhlükəsizlik problemləri var. Ölkələr beynəlxalq hüquq çərçivəsində deyil, öz maraqları çərçivəsində hərəkət edir. Bu siyasət Rusiya Ukrayna müharibəsindən sonra açıq şəkildə davam edir.
Beynəlxalq münasibətlərdə Azərbaycan çevik siyasət həyata keçirməli, ABŞ, Avropa İttifaqı ilə əlaqələrdə lobbi, diaspora və həmən ölkələrin mətbuatından geniş istifadə edilməlidir. Bu xüsusda səfirliklərin üzərinə böyük iş düşür".

Azərbaycanın Rusiya və İranla hazırkı normal münasibətləri müvəqqətidir və istənil situasiyada problemlər yaşana bilir. Belə olan təqdirdə "Buterburuq" olmamalıyıq. Prezident İlham Əliyev ikinci Qarabağ müharibəsindən əvvəl və müharibənin gedişində çox uğurlu siyasi-diplomatik siyasət ortaya qoymuşdur. Təbii ki, ABŞ və Avropa İttifaqı məhz müsəlman və türk ölkəsi olaraq daima Azərbaycana isti münasibət göstərməyəcəklər. Buna baxmayaraq çevik siyasət aparmaq Azərbaycanın siyasi taleyiyüklü məsələdir.