Sosial şəbəkələrdə açılan həmin müzakirələrdəki əsas sual belə idi: bəs eks-məmurların övladları niyə müharibədə iştirak etmirlər?
O zaman sualın cavabı da elə müzakirələrdə verilmişdi: eks-məmur övladlarının əksəriyyəti Azərbaycandan kənarda yaşayır.
Modern.az saytı əvvəllər yüksək vəzifələr tutmuş şəxslərin övladları ilə bağlı məlumatları təqdim edir.
Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəridir. Onun restoran və əmlak biznesilə məşğul olduğu deyilir.
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Türkiyədə yaşadığı çoxdan məlumdur. Eks-nazirin özü də Modern.az-a açıqlamalarından birində oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu gizlətməmişdi.
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun da oğlunun sorağı ölkə xaricindən gəlir. Belə ki, sabiq nazirin oğlu Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.
Eks-xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin. Elmar müəllimin özü Bakıda, oğlanları isə Amerikada yaşayırlar.
Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan eks-məmur övladları sırasında yer alır. O da hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır.
Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu barədə məlumatlar var.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adını mətbuat dəfələrlə qalmalalla gündəmə gətirib. Hazırda xaricdə yaşayan Anar Mahmudovun Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik etdiyi deyilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da adı əvvəllər bir neçə dəfə mətbuatın gündəmində olub. Onun hazırda Londonda yaşadığı bildirilir. Hacıbala müəllimin digər oğlunun Almaniyada yaşadığı barədə məlumatlar var.
Sabiq energetika naziri mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev ailəsilə birgə Türkiyədə yaşayır. O, vaxtilə Azərbaycanı “Eurovision”da təmsil etmiş keçmiş müğənni Safura Əliyeva ilə evlidir.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iki oğlundan biri – Asim Müslümlü də xaricdə yaşayır. Məlumatlara görə, o, Britaniyada – Edinburq Universitetində təhsil alıb. Asim Müslümlü hazırda İsveçrədə yaşayır.
2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasovun da Londonda yaşadığına dair məlumatlar var. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evlənib.
Bununla yanaşı, bəzi eks-məmurların qızları da xaricdə yaşayırlar.
2001-2006-cı illərdə gənclər, idman və turizm naziri postunu tutmuş Əbülfəs Qarayevin yeganə qız övladı xaricdə yaşayır. Suad Qarayeva Londonda təhsil alıb və orada da çalışır. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub.
Keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun qızı Selcanxatun ailəsilə birgə Londonda yaşayır və orada bizneslə məşğuldur.
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin iki qızı – Nərmin və Nərgiz Şirəliyeva Rusiyada yaşayırlar. Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışır.