“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Xankəndidə Qarabağ Universitetinin yaradılması təkcə elmi deyil, eləcə də siyasi baxımdan əhəmiyyətlidir. Adı çəkilən təhsil ocağının fəaliyyətə başlamasından və onun 5-10 illik fəaliyyətindən sonra biz Qarabağ Universitetinin əhəmiyyətini, Azərbaycan üçün verəcəyi faydaları görəcəyik”.
Bu fikirləri “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli Xankəndidə Qarabağ Universitetinin yaradılmasına münasibət bildirərkən səsləndirib.
İctimai birlik sədrinin sözlərinə görə, Qarabağ Universitetinin yaradılması elmi cəhətdən ona görə faydalıdır ki, bu təhsil ocağında oxuyacaq gənclər Qarabağın tarixi, onun əzəli Azərbaycan ərazisi olması, zəngin tarixi-mədəni abidələri, eləcə də digər bu kimi mühüm özəllikləri barədə məlumatlı olacaq, Qarabağ tariximiz onlara daha dərindən öyrədiləcək:
“Siyasi baxımdan ona görə önəmlidir ki, sözügedən ali təhsil ocağını bitirən xarici ölkə gəncləri də Qarabağın tarixən Azərbaycana məxsusluğunu biləcək, öz ölkələrində zaman-zaman formalaşmış erməni yalanlarını geri qayıtdıqdan sonra ifşa edəcəklər. Bir sözlə Qarabağ Universiteti erməni yalan maşınını sıradan çıxaran mühüm faktorlardan olacaq”.
Süleyman İsmayılbəyli hesab edir ki, Qarabağ Universitetinin kontingentini daha çox xarici ölkə gənclərindən təşkil etmək məntiqli olardı:
“Hətta bunun üçün Qarabağ Universitetini seçən xarici ölkə gənclərinə müəyyən güzəştlər, imtiyazlar da tətbiq edilə bilər. Belə bir praktika dünyanın bir çox ölkəsində mövcuddur. Çünki həmin universiteti bitirəcək xarici ölkə gəncləri yaxın gələcəkdə müxtəlif ölkələrdə Azərbaycanın lobbisini təmsil edəcəklər. Ona görə də sözügedən təhsil ocağının daha çox xarici auditoriya üçün hesablanması məqsədəuyğun olardı”.
Süleyman İsmayılbəyli deyib ki, ermənilər 100 illərlə məhz bu cür vasitələrlə, yalan təbliğatla Qarabağ barədə dünyada həqiqətə uyğun olmayan məlumatlar yayıb, insanların beyinlərinə sirayət edə biliblər:
“İndi növbə bizimdir. Qarabağ Universiteti həm də erməni yalanlarının ifşası demək olacaq”.