Ombudsmandan beynəlxalq təşkilatlara çağırış

30
Noy
2023
10:33

Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər.

Azreform.info Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, BMT-nin Baş Assambleyasının 1948-ci ilin 10 dekabr tarixli qətnaməsinə əsasən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə əlaqədar hər il bu tarix bütün dünya dövlətləri tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir: “Dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurət səbəbindən qəbul edilmiş və artıq bir neçə gündən sonra 75 illik yubileyi olacaq həmin məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə öz əksini tapıb”.

Ombudsman qeyd edib ki, ötən bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib: “Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib”.