Çox həyasız mikrobdur, qızılcadan ayırd etmək üçün bu testi verin - XƏBƏRDARLIQ

14
Mar
2024
10:28

"Hazırda skarlatinanın da geniş yayıldığını nəzərə almalıyıq. Qızılca ilə skarlatina çox oxşardır. İkisində də yüksək hərarət, boğazda qızartı, halsızlıq, səpkilər olur".

Azreform.info xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, bu xəstəlikləri əlamətlərə görə dəqiq fərqləndirmək mümkündür:

"Bəzən isə bunları ayırd etmək mümkün olmur. Son günlərdə iki hal baş verdi: birincidə başqa yerdə qızılca diaqnozu qoyulmuş uşağa test etdik və əslində skarlatina olduğu aşkarlandı.
İkinci halda isə özüm skarlatinadan tam əmin olduğum halda analiz də etdik və neqativ oldu, getdikcə səpkilər də çoxaldı. Sən demə, qızılca imiş.
Dünən də bir ailədə böyüyü iki gün səpməklə, qızılcaya çox da xas olmayan əlamətlərlə xəstə olub, antibiotik də alıb, sonra balacalar qızdırır, boğaz da qıpqırmızı, ağız açılmır, üzdə az-az səpkilər. Yəni skarlatinaya daha çox oxsşayır. Hətta uşaqlardan birində irinli angina da vardı. Amma test etdik və neqativ oldu. Deməli, böyük uşaq da qızılca olub və atipik şəkildə keçirib.
Ona görə də test etmək vacibdir. Testin adı isə hər yerdə strep - test kimi tanınmalıdır. Bu elə bir testdir ki, həkim yazıb göndərməyi vacib deyil. Valideyn özü də eynilə koronavirus testi kimi, bu test üçün müraciət edə bilər".

Pediatrın sözlərinə görə, həmin testi hər klinika sistemə başqa bir adla daxil edib:

"O gün bir xəstəyə məsləhət görmüşəm, getdikləri klinkada "skarlatina" deyincə əkilmə təklif ediblər. Əkilmə də bir həftəyə hazır olur. Dedilər "A-qrup streptokok" deyilərsə, "express" testi götürürük. Elə skarlatinanı da "A qrup streptokoklar" törədir. Yaxşı olar ki, bu tip tibbi məlumatlar qeydiyyat işçilərinə öyrədilsin".

Həkim deyib ki, test etmək xəstəliyə uyğun müalicə aparılması üçün önəmlidir:

"Əgər skarlatina aşkarlansa, gec olmadan antibiotiklə müalicəyə başlayırıq. Qızılca olsa, əlbəttə ona uyğun davam edirik və nəzarətdə saxlayırıq.
Bəzi laboratoriyalar deyir ki, uşaq su içibsə, dişlərini yuyubsa, analizi götürmürük, yalançı neqativ çıxa bilər. Bu, belə deyil. Streptokok çox həyasız mikrobdur. Elə su vurmaqla itən deyil. Ona görə günün istənilən vaxtı bu testi edə bilərsiniz. Ancaq antibiotik istifadə edilibsə, cavab neqativ ola bilər.
Baha deyil, cavab da tez hazır olur. Həkim təyin etməsə də, özünüz bu test üçün müraciət edə bilərsiniz. Boğazdan yaxma şəklində götürülür".

Billurə Yunus