Oruc tutarkən toxluq müddətini uzadan qidalar 

12
Mar
2024
20:35

İftardan fərqli olaraq imsak vaxtı daha tutarlı qidalara üstünlük vermək lazımdır. Xəmir xörəklərinin və qızartmaların, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyun iftar süfrələrində yer almaması tövsiyə olunur.

Azreform.info mütəxəssislərə istinadən xəbər verir ki, iftarla imsak arası bol miqdarda su içmək məsləhətdir. Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içmək məsləhət görülmür. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.

İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyiniz tövsiyə edilir. Bunun üçün imsakda qəbul etdiyiniz qidalar siyahısına yumurta, qatıq, yulaf və çia toxumu əlavə edə bilərsiniz.

Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar orqanizm üçün xeyirli yağlar olan məhsullar toxluq hissini daha uzunmüddətli edir.

Yatmazdan əvvəl qatıq yemək bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.

Liflə zəngin qidaların daha uzun müddətdə toxluq hissini verdiyi də bildirilir.

Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.

İftardan saat yarım və yaxud iki saat sonra gəzmək həzmə kömək edir, zəifləyən metabolizmi sürətləndirir və çəkinin artmasının qarşısını alır. İftar soyuq su ilə deyil, otaq temperaturunda olan ilıq su, zeytun və yaxud xurma ilə açılmalıdır. Əvvəlcədən ağır yeməkdən başlamaq lazım deyil. Qidalanmağa tərəvəz salatı və yaxud da yüngül tərəvəz şorbasından başlamaq daha düzgündür. Şirniyyat yemək hissi varsa, onu yeməkdən 1 saat sonra qəbul etmək olar. Lakin o da ağır şirniyyatlar yox, süddən hazırlanmış yüngül şirniyyat olmalıdır.