Bədəninizin müxtəlif hissələrində artıq mövcud olan və ya sonradan görünən xalların ölçüsü və rəngi fərqli ola bilər.
Xalın rəngi və quruluşu digərlərindən fərqlənmirsə, burada qorxulu heç nə yoxdur. Ancaq digərlərindən kəskin fərqlənən xalları mütləq həkimə göstərmək lazımdır. Çünki bu cür xallar dəri xərçənginin əlaməti ola bilər.
Bəs üzdə xalların yaranmasının və çoxalmasının səbəbləri nələrdir?
Xalların artması diqqətə alınması lazım olan bir əlamətdir. Ancaq dərhal narahat olmaq da lazım deyil. Çünki xalların artmasına genetik meyl, dəri problemləri, günəş şüaları və hətta kosmetik məhsullar belə səbəb ola bilər.
- Üz bölgəsi digər bədən hissələrinə nisbətən günəşə daha çox məruz qalır. Günəş işığına uzun müddət məruz qalma dəridə melanin istehsalını artırır. Bu da xalların yaranmasını tətikləyə bilir.
- Genetik meyl də müəyyən bir fərddə xalların meydana gəlməsinə təsir göstərə bilər. Ailədə xalları çox olan fərdlər varsa, digər ailə üzvlərinin bədəninin də xala meyilli olması ehtimalı yüksəkdir.
- Hamiləlik, yeniyetməlik dövrü və ya hormonal balanssızlıq xalları çoxalda bilər.
- Yaşlanma prosesi dəridə xal sayını artırır. Bir sözlə, üzdə xal artımı qocalmanın təbii nəticəsi də ola bilər.
- Dəriyə qulluq etməmək dəridə zədələrə, qıcıqlanmalara səbəb olur. Bu hallar da zamanla xal yaranması prosesini sürətləndirir.