Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur. Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir.
Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.
Dövlətimizin başçısı Sammitdəki çıxışında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etdiklərini xüsusi vurğulamışdır. Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin sentyabr ayının 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı da ölkələrimiz arasında münasibətlərin növbəti, daha yüksək mərhələyə keçidinin, regional əməkdaşlığın yeni formatının daha bir nümayişi olmuşdur. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri qırılmaz tellərlə bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Ölkə Başçısı cənab ilham Əliyevin qeyd etmişdir ki, “SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən, Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur.
Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır.
Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində də önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir”.
Öz çıxışında Prezident İlham Əliyev rəsmi İrəvana da növbəti dəfə vacib mesajlar ünvanlamışdır.
Dövlətimizin başçısı qeyd etmişdir ki, bu gün dünyada uğursuz, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. O cümlədən özünü hazırda Fransanın marionetinə çevirmiş Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.
Keçirilən Zirvə görüşündə ölkə başçılarının iştirakı, həm də cənab Prezidentin dəvətini qəbul edərək KTMT sammitindən birbaşa Bakıya gəlmələri ölkəmizin və dövlətimizin başçısının nüfuzundan xəbər verir. Bu artıq onun əlamətidir ki, regionda Azərbaycan kifayət qədər aparıcı mövqeyə malikdir.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti
Uğurlu əməkdaşlıq formatları
29
Noy
2023
11:15