Bu şəxslər oruc tuta bilməz - Səhiyyə Nazirliyi

11
Mar
2024
11:28

"Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir". 

Azreform.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. İftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içməyi tövsiyə edən həkim bildirib ki, çay və qəhvə istehlakı minimuma endirilməlidir. 

"Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir".

"Kimlər oruc tuta bilməz" sualına cavab verən Z.Quliyev deyib ki, diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər:

"Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.

Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir.

Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.

Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər".

Nazirliyin mütəxəssisi iftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər etməyi tövsiyə edib:

"Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir".