Şəkər istehlak olunan qidalar arasında insan orqanizminə ən çox ziyan vuran məhsuldur. Bunun səbəbi isə tərkibində olan qlükoza adlanan maddədir.
Bu haqda “Yeni Sabah”a açıqlama verən həkim-dietoloq Leyla Zülfüqarlı qlükozanın orqanizmə verdiyi zərərdən danışıb:
“Şəkər, rafinə olunan karbohidratlar, işlənmiş qidalar beyini məhv edən əsas amillərdir. Qlükoza dedikdə, biz bunu sadə təsəvvür etməməliyik. Bu maddə o qədər təhlükəlidir ki, hətta xərçəng hüceyrəsi də yaratmağa qadirdir. İlk növbədə, həmin maddə hüceyrə tənəffüsünü korlayır, bölünüb-çoxalmasının qarşısını alır və inkişafına imkan yaratmır”.
Həkim bu maddənin olduğu bütün məhsullardan uzaqlaşmağı tövsiyə edib:
“Bütün bunlar onu deməyə əsas verir ki, qlükozadan daha dəhşətli qida yoxdur. Tərkibində şəkər olan bütün məhsullarda sözügedən maddə var. Bura həmçinin, energetik və qazlı içkilər də daxildir”.