"Rentgen şüalarının zərərli olduğunu bilərək "ürəyim rahat olsun deyə apardım" deyən valideynlər çoxdur. Bu rentgen müayinəsi ultrasəs deyil ki, hər istədiyinizdə edəsiniz. Rentgen şüaları da radioaktiv şüalardır".
Azreform.info xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, uşaqların böyümə dövründə olan hüceyrələri radiasiyaya həssas olur:
"Necə ki rentgen hamilə üçün çox ehtiyatla, dölü şüalanmadan qoruyan xüsusi önlüklə aparılır, eləcə də körpələri də maksimum bu şüalardan qorumağa çalışmalıyıq. Çünki uşaq orqanizmi böyüyən orqanizmdir. Burada hələ hüceyrələrin bölünərək çoxalması davam edir. Belə hüceyrələr radiasiyaya daha həssas olur. Məsələn, sümük iliyi. Burada həmişə qan hüceyrələri yaranır. Şüa xəstəliyi zamanı (orqanizmin yüksək doza radioaktiv şüalanmaya məruz qalması) sümük iliyi zədələnir.
Rentgen şüalarının dozası müayinəyə görə seçilir. Yəni nəyə baxılacaqsa, ona uyğun seçilir, amma biz bilmirik ki, uşaq üçün bu düzgün icra edilirmi".
Mütəxəssis köhnə rentgen aparatlarında şüalanmanın daha çox olduğunu söyləyib:
"Şüalanma xərçəng riskini artırır. İndi deyəcəksiniz ki, bizi stresə saldınız-filan. Gəlin emosiyalarımızı kənara qoyaq və məntiqli davranaq. Harada vacibdirsə, etməliyik, yəni başqa çıxış yolu yoxdursa, edirik. Əlbəttə, bu, mütləq şəkildə gələcəkdə nəsə olacağı demək deyil, amma heç nə olmayacağı mənasına da gəlmir. Ətraf mühitdən də şüa alırıq. Amma artığı bizə lazımdırmı? Və ya ehtiyac olmadıqca niyə edək? Bəlkə bu gün öskürən uşaq iki gün sonra yıxıldı, bir yeri sındı, rentgen müayinə vacib oldu. Hətta travmatoloji problemlərdə təkrarən rentgen müayinələri lazım olur. Ona görə də konkret olaraq zərərli bildiyimiz hər şeydən maksimum uzaq olmalıyıq".
A.İsmayılzadə valideynlərə rentegnlə bağlı bir sıra tövsiyələr də verib:
- Həkimə əlinizdə döş qəfəsinin rentgen müayinəsi ilə gəlməyin.
- Həkim müayinə etmədən birbaşa rentgenə yönlədirirsə, onu dəyişin.
- Evdə müalicə ala biləcək uşağı xəstəxanaya yatırmayın. Orada mütləq rentgen müayinə olunacaq.
- Yad cisim udan uşağı dərhal rentgen etdirməyin. Sabahı gözləyirik. Ən azından hələ də mədədə ya bağırsaqda olduğunu bilmək üçün vaxt qazanırıq.
- Burun axıntısı olduğu zaman adenoidə görə rentgen etmirik, çünki nəticə yalançı pozitiv ola bilər.
- Uşağın bud-çanaq müayinəsini 6 aya kimi USM ilə müayinə etmək varkən ertələyib rentgenə saxlamayın.
- Bir yerində sınıq-çıxıq şübhəsi olduğunda travmatoloqa getmədən rentgen çəkdirməyin.
Billurə Yunus