Hazır qidalar insanlarda narkotik kimi asılılıq yaradır.
Azreform.info xəbər verir ki, ingilis yazıçı və professor Chris Van Tullekenin mövzu ilə bağlı araşdırmasında hazır qidalara asılılıq psixologiyasından bəhs edib.
O, hazır qidaların diabet, ürək xəstəliyi və xərçəngə səbəb olduğunu diqqətə çatdırıb. “Hazır qidalardan istifadə etmək dünyada əsas ölüm səbəbi kimi tütünü üstələyib. Bu, psixoloji asılılıq yaradaraq insanları özünə cəlb edir. Artıq zaman keçdikcə insanlar bundan imtina edə bilmirlər və özlərinə nəzarəti itirirlər. Beynimiz bizi bu yöndə təkrar-təkrar istiqamətləndirir. Bu da təsadüfi deyil. Həmin qidalar inanılmaz dərəcədə cəlbedici olur. Ucuz olan bu qidalar asan üsulla bişirilir və tez zamanda hazırlanır. İstehsalçılar məhsullarını satmaq üçün insanların bu vəziyyətindən effektiv şəkildə istifadə edirlər”, - deyə o əlavə edib.
Mütəxəssis diqqətə çatdırır ki, belə qidalar insanlara təkcə fiziki deyil, həm də mənəvi ziyan vurur. Araşdırmanın nəticəsi bu qidaların insanlarda depressiya riskini artırdığını üzə çıxarır. Onlar bədəndə iltihab yaradır, psixi gərginliyə, fiziki sağlamlığa zərər verir. Hazır qidalarda orqanizmin düzgün tənzimlənməsi üçün niasin, piridoksin, mis, selen, dəmir, fosfor, maqnezium və sink kimi mikroelementlər azdır. “Biz insanlar, əslində, süni qidalar yemiş oluruq. Unudulmamalıdır ki, bu məhsulların bir çoxu ucuz və asan əldə edilir. Ona görə də əsasən maddi vəziyyəti aşağı olan ailələr bundan istifadə edirlər, lakin anlamırlar ki, bu, onlar üçün çox zərərlidir”, - deyə professor vurğulayıb.