Müasir həyat tərzi quru göz sindromunun sürətlə yayılmasına səbəb olur.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, ofis işi və ağıllı cihazlardan geniş şəkildə istifadə gözlərdə quruluq, sancma, yanma və qızartı kimi problemlərə səbəb olur.
Anadolu Sağlamlıq Mərkəzi Xəstəxanasının göz xəstəlikləri uzmanı Op. Dr. Burcu Usta Uslu quru göz sindromu hallarının hazırda 70 faiz artdığını bildirib.
Oftalmoloqun sözlərinə görə, telefon, planşet və noutbuk kimi ağıllı cihazlardan çox istifadə, kondisionerli mühitdə işləmək, kifayət qədər maye istehlak etməmək, müxtəlif daxili xəstəliklər və bu xəstəliklərin müalicəsi üçün istifadə edilən bəzi dərmanlar gözlərdə quruluğa səbəb olur.
Həkim bildirir ki, göz quruluğu düzgün müalicə edildikdə şikayətlər azalır, ancaq onu tamamilə aradan qaldıracaq üsul hələ də tapılmayıb.
“Səbirli xəstələr mütəmadi və qətiyyətli bir müalicə üsulu ilə bu problemi həyat boyu nəzarətdə saxlaya bilərlər. Fərqli maddələr və lazer tətbiqləri, həmçinin süni gözyaşı məhsulları ilə quru göz problemini effektiv şəkildə nəzarətdə saxlamaq mümkündür".
Oftalmoloq göz quruluğunun əlamətlərini isə belə sıralayıb: sancma, yanma, qızartı, bulanıq görmə, axşam saatlarında görmə qabiliyyətinin zəifləməsi, qıcıqlanma, gözə yad cismin düşdüyü yanılğısı və s.
“Dəqiq diaqnoz üçün biomikroskopdan və flüoresan boya testindən istifadə edilir. Bundan başqa, bəzi klinikalarda meibomiya vəzilərinin ölçülməsi həyata keçirilir”, - deyə Op. Dr. Uslu qeyd edib.
O, süni göz yaşlarının həkim nəzarətində istifadə edilməli bir məhsul olduğunu da diqqətə çatdırıb:
“Əksəriyyəti damcı və gel şəklində olsa da, hər birinin tərkibi və təsiri fərqlidir. Standart istifadə qaydasl yoxdur. Həkim nəzarəti altında gündə 2-5 dəfə istifadə etmək olar”.