Qəhvə miqren tutmalarını artıra bilər.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar gündəlik qəbul edilən 1 stəkandan artıq qəhvənin baş ağrılarına və miqren tutmalarına səbəb ola biləcəyini göstərib.
Bahçeşehir İSÜ Liv Xəstəxanasının Nevrologiya üzrə mütəxəssisi Prof. Dr. Belma Doğan Güngen miqrenin həyat üçün təhlükəli olmasa da, həyat keyfiyyətini aşağı saldığını və ciddi fiziki yorğunluğa səbəb olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, uzun müddət miqren tutmalarından və baş ağrılarından qorunmaq üçün yuxu rejiminə riayət etmək, çoxlu su içmək, parlaq işıq mənbələri, xüsusilə də televizor və kompüter qarşısında çox vaxt keçirməmək lazımdır.
Dr.Güngen miqren tutmalarının şiddətinin bəzi tədbirlərlə yüngülləşdirilə biləcəyini ifadə edib:
“Miqren tutması keçirən şəxs sakit və qaranlıq bir mühitdə uzanıb dincəlməlidir. Çünki miqren hərəkət və işığın təsiri ilə daha şiddətli hala gəlir. Bundan əlavə, səs-küylü mühit də miqrenin şiddətini artırır”.
Doktor miqrenin müalicəsində qidalanmanın əhəmiyyətini də vurğulayıb:
“Mən müalicədə əsas səbəb kimi qidalanmaya böyük əhəmiyyət verirəm. Elə xəstələr var ki, miqren tutmaları sadəcə pəhrizlərini tənzimləməklə azalır və ya hətta yoxa çıxır. Misal üçün, gündə iki fincandan artıq qəhvə miqren tutmalarının tezliyini əhəmiyyətli dərəcədə artırır. 20 qramdan artıq tünd şokolad da eyni effekti verir”.
Dr. Güngen miqren xəstələrinə tövsiyə olunan qidaları da sadalayıb:
Avokado və badam kimi yüksək maqnezium tərkibli qidalar,
Balıq və qoz kimi Omeqa-3 ehtiva edən olan qidalar,
Hər növ yaşıl tərəvəz,
Zeytun yağı,
Kələm və zəncəfil kimi mitoxondriləri dəstəkləyən qidaların qəbulu miqren xəstəliyinə qarşı faydalı ola bilər.
Bundan əlavə, miqreni tətikləyən bəzi qidalardan uzaq durmaq lazımdır:
Tərkibində nitrat olan və histamin ifrazını artıran bütün qidalar buraya daxildir: bəzi pendir növləri, fermentləşdirilmiş içkilər, çox illik şərab.
Tərkibində qida əlavələri olan bütün məhsullar.
Qlütenli məhsullar.
Allergen qidalar: yumurta ağı, bəzi növ çərəzlər, sitrus meyvələri.
Soya və soya məhsulları.