Son illər turşulardan zəhərlənmə hallarının çoxaldığı müşahidə edilir. İnsanların əksəriyyəti bu hadisələrin səbəbini keyfiyyətsiz və dərman qatqılı məhsulların istehsalı ilə əlaqələndirir. Mütəxəssislər bu barədə fikirləri isə fərqlidir.
Mövzu ilə bağlı danışan qida texnoloqu Ağa Salamov turşu qoyularkən diqqət edilməli vacib məqamları “Yeni Sabah”a açıqlayıb. Onun sözlərinə görə, burada əsas məqam məhsulun yaxşı təmizlənməsidir:
“Turşulardan zəhərlənmə halı o vaxt baş verir ki, çatlamış, deformasiyaya uğrayan, çürük məhsullar bu prosesdə istifadə olunsun. Çünki məhsuldakı çatlar onun daxilinə torpaq yığılmasına, bununla da həmin qidanın batulizm bakteriyasına məruz qalmasına səbəb olur. Nəticədə qida zəhərlənməsi yaşanır. Sözügedən hal hətta ölümlə də nəticələnə bilir. İkinci bir məsələ torpaqdan çıxan məhsulların tamamilə təmizlənməsidir. Çünki torpaqda yaşayan bakteriyalar ölümcül zəhərlənməyə gətirib çıxarır. Turşuya qoyulmazdan öncə meyvə və tərəvəzlər yaxşıca yuyulmalıdır. Yuyulma prosesi burada ən önəmli məqamlardan biridir. Emal zamanı sadalanan məqamlara diqqət edilməlidir”.
Ekspert insanlara tövsiyə edib ki, turşuları orqanik məhsullarla hazırlamaq daha təhlükəsizdir:
“Sirkə ilə turşuya qoyulan tərəvəzlərdə petsidlər varsa, onlar bir-biri ilə əlaqəyə girdiyi zaman zəhərlənməyə yol aça bilər. Ancaq yenə də bu hal məhsulun yaxşı təmizlənməməsindən qaynaqlanan problemdir. Yaxşı olar ki, turşuya qoymaq üçün orqanik və dərman qatqısı olmayan məhsullardan istifadə olunsun. Bu zaman sözügedən risk xeyli azalır”.