Azərbaycanda qardaşları və anaları ilə övladlarını öldürən “səssiz qatil” – Nə baş verir?

10
Fev
2024
17:35

Hər il olduğu kimi, bu il də Azərbaycanda qış fəsli dəm qazından zəhərlənmə ilə bağlı faciəli hadisələrlə müşayiət olunur.

Azreform.info xəbər verir ki, yanvar ayında Bakının Nərimanov rayonunda “səssiz qatil” 23 yaşlı Əli Həsənov və onun qardaşı, 22 yaşlı Sərxanı qətlə yetirib.

Daha sonra Astara rayonunun Pensər kəndində 80 yaşlı Tahirə Əliyeva və qızı, 58 yaşlı Nazənin Şükürova dünyasını dəyişib. Yaxınları hər iki qadını hamamda ölü tapıblar.

Ağsuda 12 yaşlı Fidan Sadıqova, Göygöldə Minayə Məmmədova qızı Aygünlə və 50 yaşlı Mahirə Alcanova on yaşlı oğlu Əkbərlə, 49 yaşlı Zülfiyyə Namazova isə paytaxtın Yasamalda dünyasını dəyişib. 

Və bu, dəm qazından zəhərlənmənin faciəli hallarının tam siyahısı deyil. Xəstəxanaya yerləşdirilənlərin sayı durmadan artır. Təkcə son bir ayda Kliniki Tibbi Mərkəzin təcili yardım şöbəsinə iki yüzə yaxın müraciət daxil olub.

Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, əhali arasında aparılan çoxsaylı xəbərdarlıqlar və fəal izahat işləri hələ də istənilən nəticəni verməyib. 

Fevralın 8-də Sumqayıtdakı müəssisələrdən birinin 4 əməkdaşı dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Şirkətin bəyanatında qeyd olunur ki, soyuq hava səbəbindən zərərçəkənlər binaları havalandırmayıblar.

Zəhərlənmə faktları ilə bağlı rayon prokurorluqlarında cinayət işləri başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir, ölkə Baş Prokurorluğu arzuolunmaz nəticələrin qarşısını almaq üçün qaz istifadəçilərini və istifadəsinə nəzarət edən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Statistika göstərir ki, dəm qazından zəhərlənmə hallarının çoxu hamam otaqlarında baş verir. Mütəxəssislər səbəblər arasında, ilk növbədə, su isitmə avadanlığının texniki cəhətdən səhv quraşdırılmasını qeyd edirlər.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev haqqın.az-a bildirib ki, qaz sızmasından xəbərdar olmaq üçün qaz isitmə sistemi istifadə edən istənilən evdə xüsusi sensorlar quraşdırmağı tövsiyə edir. Onun sözlərinə görə, bazarda belə avadanlıq var, lakin tələbat yoxdur.

Nurəliyev onu da əlavə edib ki, qanuna əsasən, vanna otağında qaz qızdırıcılarının müstəqil quraşdırılması qadağandır. Bu sahə ilə bağlı bütün işlər mütəxəssislər tərəfindən evin və ya binanın layihəsinə ciddi şəkildə uyğun olaraq aparılmalıdır.

Azreform.info