Bakıda krav maqa idman növü üzrə növbəti seminar keçirilib və təltifetmə mərasimi baş tutub.
Bu barədə Azreform.info -a danışan sözügedən döyüş növünün Azərbaycandakı səlahiyyətli nümayəndəsi Vidadi Hacıyev bildirib ki, krav maqa filialı Azərbaycanda rəsmi olaraq 2007-ci ildən bəri fəaliyyət göstərir.
“Həmin il Almaniyada seminarda olduğum zaman Beynəlxalq Krav Maqa Assosiasiyasının üzvü olduq, nümayəndəliyi mən götürdüm. Elə o zamandan qara kəmərə layiq görülmüşəm. Almaniyada təlimatçı kursunu bitirmişəm. Bununla mənə təmsilçilik hüququ verildi və krav maqa federasiyasını və mərkəzini yaratmaq icazəsini əldə etdim”, - o bildirib.
Mütəxəssis bildirib ki, krav maqa tətbiqi döyüş növü olduğuna görə Aviasiya Təhlükəsizlik İdarəsinə dəvət olunub:
“Orada əlahiddə mobil komanda qurulurdu və bunu ilk yaradan Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı polkovnik Eldar Ağayev oldu. O məni dəvət etdi ki, krav maqa orada tədris olunsun. Daha sonra hüquq-mühafizə orqanlarından dəvət gəlib və indiyə kimi onlarla əməkdaşlığımız var.
2013-cü ildə Prezident Təhlükəsizlik Xidmətində (PTX) iki dəfə seminar keçdim. Çox bəyəndilər. 2014-cü ildə isə oradan dəvət aldım və müqavilə əsasında işə başladım. 3 il ərzində orada krav maqa və başqa idman növləri üzrə təlimlər tədris etdim. Bundan əlavə, təlimatçı kursları keçirdik. Həmçinin oradakı idmançıları yarışlara hazırladım. Onlar arasından Avropa və dünya çempionu adını qazananlar oldu. Müqavilədən sonra məsləhətçi kimi əməkdaşlığımız var”.
Vidadi müəllim söyləyib ki, müqavilə əsasında məxfi orqanlarla da çalışıb və sözügedən idman növünü tədris edib.
“Belə seminarlar hər il bir-iki dəfə təşkil olunur. Kurslarımızın müddəti fərqli şəkildə həyata keçirilir. Məsələn, bəzən 1 həftə, bəzən isə 2 ay çəkə bilir”.
Mütəxəssis bildirib ki, mülki şəxslərə də krav maqa idman növü tədris olunur.
“Şəxsi təhlükəsizlik və özünümüdafiə yönündə, yəni hüquqi baxımından özünümüdafiə üzrə təlimlər keçirik. Hər döyüş növü özünümüdafiə ola bilməz. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Bizdə məhdudiyyətlər var. Yəni özünümüdafiə həddini aşmamaq qaydaları mövcuddur. Bir çox idman növlərində bu nüans nəzərə alınmır. Burada psixologiya, hüquq təlimləri yer almalıdır. Bizimlə bu yöndə fəaliyyət göstərən mütəxəssislərimiz çalışır və krav maqanı kompleks şəkildə tədris edirik”.
Vidadi müəllim deyib ki, uşaqlar üçün də xüsusi proqramları var: “Burada daha çox şəxsi təhlükəsizlik qaydalarını izah edirik. 7 yaşdan onlarla işləyirik və fiziki inkişafa üstünlük veririk. Uşaqlara diqqəti cəm etməyi, meditasiyanın əsaslarını öyrədirik. Onlara elə çalışmalar veririk ki, xırda motorikaları inkişaf etsin. Zehni inkişaf etdirəcək fiziki hərəkətlər tapşırırıq. Bunu “bədən şahmatı” da adlandırmaq olar. Əslində, insanın bədəni ilə ruhu vəhdətdədir. Beyin və bədən birgə inkişaf edəndə insan tam olur. Bəzi insanlar yalnız intellektini inkişaf etdirir, bu isə natamamlıqdır. Yaxud da əksinə”.
O, hazırda krav maqa üzrə təlimatçıları hazırladıqlarını və kurslar təşkil edəcəcəklərini bildirib.
“Maraqlananlar bizə qoşula bilər. Amma bizim tələblərimiz var. Onlar psixoloji yoxlamada keçəcəklər, həmçinin məhkumluqlarının olub-olmaması müəyyənləşdiriləcək. Bundan əlavə narkoloji arayış təqdim edilməlidir. Təlimatçılıq çox məsuliyyətli işdir. Həm böyüklərlə, həm uşaqlarla çalışacaq. Ona görə də tam sağlam olmalıdır”.
Vidadi müəllim həmçinin söyləyib ki, krav maqanı təkcə Azərbaycanda təmsil etmir, həmçinin postsovet məkanı üzrə kuratordur: “Beynəlxalq assosiasiyanın regional direktoruyam. Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə işin gedişinə nəzarət mənə verilib”.
Mütəxəssis qeyd edib ki, krav maqa İsrail ordusunda yaranmış döyüş növüdür.
“Ordu yaranarkər hansısa bir döyüş növündən istifadə etmək qərarına gəliblər. Analiz etdikdən sonra müxtəlif idman növlərinin ən güclü cəhətlərini sintez edərək krav maqanı yaradıblar. İlk dəfə orduda tətbiq olunub. Ondan sonra məxfi orqanlarda tədris edilib. Ardınca isə 1986-cı ildən bəri mülki şəxslər üçün proqram hazırlanıb. İsraildə təlimçilər ölkənin idman akademiyasının məzunlarıdır”.
Vidadi müəllim söyləyib ki, krav maqa yaşa, cinsə və sahəsinə əsasən müxtəlif formalarda tədris olunur: “Bu baxımdan effektivdir. Məsələn, biz hərbçiyə mülkiyə aid olan üsulları öyrədə bilmərik. Çünki onlara daha sərt tədris proqramı lazımdır. Polislərə isə qandallama, tərk-silah etmə üsulları öyrədirik. Digər hüquq-mühafizə orqanı əməkdaşlarına isə universal qaydada təlim keçirik”.
Mütəxəssis sonda Prezident Təhlükəsizlik Xidmətinin Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Niyazi Xəlilov və onun müavini polkovnik-leytenant İsmayıl Gəncəliyə təşəkkürünü bildirib:
"Onlar krav maqanın inkişafında, seminarların keçirilməsində bizə dəstək göstərirlər".
Samir Mirzə