Bakı klubunun "professor" baş məşqçisi istefa verdi

1
Fev
2024
11:21

"Komandamızın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı Musayev "Sabah"dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib".

Azreform.info xəbər verir ki, bu barədə klubun rəsmi bəyanatında bildirilib. 

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Klub rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 

Komanda Murad Musayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsində “Sabah” “Qarabağ”ı qəbul edib. Qarşılaşmada qonaq komanda rəqibini 7:1 hesabı ilə məğlub edib.

Murad Musayev nəticə ilə bağlı açıqlamasında məsuliyyəti öz üzərinə götürərək günahkar olduğunu söyləyib.