Sonsuzluq süni yolla artır: rəqəmlər böyüyür – Həkimlərdən açıqlama

30
Yan
2024
15:35

Bu yaxınlarda Rusiyada keçirilən tibb forumunda dünyada sonsuzluq problemlərinin getdikcə artdığı, uşaq doğumlarının azaldığı bildirilib.

Qeyd edilib ki, 60-cı illərdə bir qadına 2-3 doğuş düşdüyü halda 2021-ci ildə isə cəmi 1,5 olub.

Həmçinin vurğulanıb ki, 10 ildən artıqdır qadınlar daha gec yaşlarda doğuş etməyə başlayıblar. Bu isə daha çox anomaliyalı uşaq və xəstə qadın deməkdir.

Mövzu ilə bağlı Azreform.info -a danışan ginekoloq Məlahət Kəlbiyeva gec yaşlarda doğum və uşaq sayının az olmasının səbəblərindən bəhs edib. Həkim bunun daha çox sosial vəziyyətlə bağlı olduğunu bildirib:

"Doğumların sayının az olması birinci növbədə sosial vəziyyətlə əlaqəlidir. Qadınlarımız 60-cı illərdə çox təhsil alırdılar. İndi təhsil alır, karyera arxasınca gedirlər. Özlərinə olan inamı artıb. Bununla əlaqəli olaraq da ailə gec qurulur. Belə olanda da istər-istəməz uşaq sayı, həmçinin hamilə qalmaq şansı da az olacaq. 

Digər səbəb maddi vəziyyətdir. Çox ailələr ailə saxlaya bilmirlər. Uşaqpulu verilmir. Elə bəylərimiz də evləri, işləri yoxdur deyə, gec evlənirlər". 

M.Kəlbiyeva son dövrlərdə hamilə qadınların həkimə daha çox müraciət etməsinin səbəbini son illərdə yayılan xəstəliklərdə görür:

"60-cı illərdə nə bu qədər xəstəlik vardı, nə də süni surətdə yaradılmış viruslar. Təbii xəstəliklərlə mübarizə aparılırdı. Ona görə də orqanizmdəki viruslar dərmana tabe olurdu. İndi əksər xəstəliklər süni yaradılmış xəstəliklərdir, yaxud da viruslar dərmana tabe olmur.

Qadınlar əvvəllər problemlər az idi deyə həkimə daha az müraciət edirdilər. İndi daha çox problemlə üzləşirlər. Xəstə uşaqların doğulmasından tutmuş hamiləliklərin gedişinin normal olmamasına qədər bir çox hallarla rastlaşırıq".

Uroloq-androloq Fikrət Əhmədov isə sonsuzluğa səbəb olan faktorları sadalayıb:
"Sonsuzluğa səbəb olan bir çox faktorlar var. Zərərli vərdişlər, zərərli qidalar, yaşayış tərzi, müasir dövrümüzdə radiasiyaya çox məruz qalmaq və s. kimi əsas səbəblərdir.

Sonsuzluq problemi qadın və kişilərdə 50-nin 50-yə nisbətdədir. Əslində, bunu 30%, 30%, 30% olaraq bölmək daha doğru olar. Yəni sonsuzluq halları 30% kişilərdə, 30% qadınlarda, 30% isə hər ikisində Müşahidə olunur. 

Sağlam yaşayış tərzi çox vacibdir. Gündə 3-4 dəfə normal qidalanmaq, özlərini soyuğa verməmək, infeksiyadan qorunmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətlidir. Yaxşı olar ki, insanlar vaxtaşırı çekaplara gəlsinlər".

F.Əhmədov uşaq doğum sayının az olmasını insanların uşaq istəməməsi ilə əlaqələndirib:

"Çünki indi uşağa baxmaq çətindir, böyük xərc və məsuliyyət tələb edir və s. İnsanlar əvvəllər olduğu kimi çox uşaq istəmirlər. Statistikaya baxanda görürük ki, hər 3 evlilikdən biri boşanır".

Billurə Yunus