Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bölüşüb.
“Azreform.info ” xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Vacib 3 xal əldə etdik. Qarşımızda istəkli və ciddi rəqib var idi. Belə geridönüşlər futbolçulara inam verir. Azarkeşlərimizə təşəkkür edirəm.
Narazı qaldığım bəzi epizodlar oldu. Qəbələdə, Gəncədə, Tovuzda yaxşı oyun göstərmək çətindir. Amma futbolçular ciddi və diqqətli idilər.
Yassin Benzianın zədə aldığı epizoda gəlincə, qərar hakimlərin olmalıdır. Məncə, həmin epizod qırmızı vərəqə idi. Amma paltardəyişmə otağında qapıçılarımız dedilər ki, orada qırmızı yox idi. Benzianın durumu yaxşı deyil, həkimlər başına tikiş qoydular. Baş gicəllənməsi var idi. Çox sərt zərbə aldı. Dəqiq durumu sabah bilinəcək. Redon Cicada isə ciddi bir problem olmalı deyil. Yorğunluqdan əzələsində gərilmə oldu. Sabahkı müayinədən sonra dəqiq məlumat biləcəyik.
Xal fərqinin çoxluğu komandanı motivasiya etmək üçün çətinlik yaratmır. Mənim tələblərim, proqramım olduğu kimi davam edir. Futbolçular da bunu ürəkdən yerinə yetirirlər. Nə qədər desək də, bəzən futbolçularda arxayınlıq olur. Amma bu, o demək deyil ki, biz hər şeyi təmin etmişik.
Aleksey İsayevin bizim tələblərimizə uyğunlaşmağa ehtiyacı yoxdur. Təcrübəli futbolçudur. Amma onun potensialı bu deyil. Daha da yaxşı olmalıdır. Komandamıza fayda verəcək futbolçudur. Gələcəkdə ondan daha yaxşısını tələb edəcəyik”.