“Azərbaycanlı futbolçuların Türkiyə klublarına üz tutması yaxşı əlamətdir. Bundan maksimum yararlanmaq lazımdır. Biz uzun illər futbolçularımızın legioner həyatı yaşamamağından gileylənmişik. İndi bunun üçün qapı açılıb”.
Bu sözləri Yenisabah.az-ala söhbətində Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.
Müsahibimiz son dövrlər azərbaycanlı futbolçuların Türkiyə klublarında çıxış etməsi faktına toxunub.
Xatırladaq ki, milli komandanın futbolçusu Coşqun Diniyevin “Ümraniyespor”a, Ramil Şeydayevin isə “Kocaelispor”a transfer olmasından sonra bir sıra azərbaycanlı oyunçular karyeralarını məhz Türkiyə klublarında davam etdirməyə qərra veriblər.
Məsələyə münasibət bildirən N.Muxtarlının fikrincə, bunun əsas səbəbi odur ki, Türkiyədə hər komanda heyətə türkdilli dövlətlərdən bir futbolçu cəlb edə bilər ki, o, legioner sayılmayacaq:
“İndi bu fürsətdən təkcə biz yararlanmırıq. Özbəkistan, Qazaxıstan da buna çalışır. Yəni burada da rəqabət var. Ona görə də, Türkiyəyə nə qədər çox futbolçumuz getsə, bir o qədər yaxşıdır. Üstəlik, onların orada özlərini sübut etməsi Türkiyə klublarının Azərbaycanın futbolçu bazarına marağını artıracaq”.
Mütəxəssisə görə, burada ikinci səbəbə isə odur ki, Avropada azərbaycanlı futbolçulara ehtiyac yoxdur:
“Niyə? Ona görə ki, azərbaycanlılar Avropa futbolunda rəqabətə hazır deyillər. Ortada Mahir Emreli nümunəsi var. Mahir Emreli Azərbaycan futbolunun istedadlarından sayılırdı. Amma Polşaya gedəndən sonra etiraf etdi ki, uşaq futbolunda öyrənməli olduqlarını burada öyrənir. Bununla da uşaq futbolumuzdakı ciddi problem haqda məlumat verdi”.
Həmsöhbətimiz onu da əlavə edib ki, futbolçularımızın xaricə getməsi yaxşıdır:
“Amma, eyni zamanda uşaq futboluna da diqqət ayrılmalı, strategiya hazırlanmalı, Avropa standartlarına uyğun plan olmalıdır. Bunlar olmadıqca, bizim Avropaya yolumuz açılmayacaq. Çünki o standartlardan aşağı olanlar Avropanın nəyinə lazımdır? Bu baxımdan, indiki halda Türkiyə variantı məqbuldur. Amma yaxşı olardı ki, ora daha gənc futbolçularımızın axını başlasın. 20-21 yaşlı futbolçular getsə, lap aşağı divizionda olsa belə, inkişaf edib, elita klublarının diqqətini çəkərlər. Türkiyə elitasından Avropaya getmək isə daha asandır. Çünki Türkiyə çempionatı avropalı skautlarınn diqqət mərkəzindədir.
Bir sözlə, futbolçularımız Türkiyəyə gedir, bu normaldır, amma Azərbaycan futbolunun problemləri, xüsusən də uşaq futbolundakı problemlər həllini tapmır. Bu məsləyə kompleks yanaşma olmasa, sabah heç Türkiyəyə göndərməyə də futbolçu olmayacaq”.