“Oyunda çoxsaylı mübarizə var idi. Matça fəal başlayan tərəf biz idik. Yaxşı da qol fürsətləri yaxaladıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XIX turunda “Səbail”lə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.
O qeyd edib ki, mübarizə əzminə görə hər iki tərəfə alqış düşür: “İlk 30-35 dəqiqə üstünlük bizim tərəfimizdə idi. Sonradan oyun bərabərləşdi. Daha çox mübarizə mərkəzdə gedirdi. O dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Süni ot örtüyü, eləcə də şiddətli külək matçın gedişinə təsir göstərirdi. Bu məqamlar keyfiyyətli oyuna mane olurdu. Lakin hər iki tərəf istəkli idi və meydanda tam gücləri ilə mübarizə aparırdılar. Buna görə də hər iki komandaya alqış düşür”.
Sadıqov futbolçularından razılığını ifadə edib: “Qələbə qazanmaq üçün həm “Zirə”, həm də “Səbail” çox çalışdı. Amma yekunda qazancımız 1 xal oldu. Dediyim kimi, matçın əvvəlində qol şanslarımız var idi. Cərimə zərbəsindən sonra top tirdən döndü. Ümumi götürdükdə futbolçularımın çıxışından razı qaldım. Çox istəkli idilər. İlk matç olmasına baxmayaraq, qələbə üçün əllərindən gələni etdilər”.
“Zirə”nin çalışdırıcısı yeni transfer Rafael Utsiqin rəsmi debütunu belə dəyərləndirib: “Onun çıxışını müsbət qiymətləndirirəm. Bu gün özünü yaxşı tərəfdən göstərdi. Eyni sözləri Ceyhun Nuriyev barədə də deyə bilərəm. Hər iki yeni transferimiz bu gün özlərini yaxşı tərəfdən göstərdilər. Lakin hər ikisini bir qədər də zamana ehtiyacları var”.
Sadıqov bildirib ki, Utsiqə məcburiyyətdən start heyətində yer verib: “Əslində, bu gün Utsiqin start heyətində yer almasını istəməzdim. Amma seçimimiz olmadığı üçün məcburiyyətdən ona şans verdik. Sona yaxın meydanda qalması riskli idi. Çox istəkli idi, mübarizə aparırdı. Tam hazır olmadığı üçün zədə ala bilərdi. Ona görə daha sonra Rüstəm Əhmədzadəyə şans verdik. Rüstəm də son günlər xəstə idi. Oyundan öncə cəmi 2-3 məşqdə iştirak etmişdi. Onsuz da hücum xəttində futbolçu qıtlığımız var idi. Bu gün o da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə birgə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. Nəzərə alsaq ki, qarşıda bizi çox sıx qrafik gözləyir. Belədə hər bir futbolçuya ehtiyac var”.
Rəşad Sadıqov komandasının lehinə verilməyən penalti epizoduna belə münasibət bildirib: “VAR-da əyləşən təcrübəli hakim İnqilab Məmmədov referini epizoda baxmaq üçün çağırdı. Amma hakim orda başqa qərar verdi. Çox qəribə bir qərar qəbul etdi. VAR-dan çağırıblar, açıq-aşkar ayağa zərbə vurulduğu görünür. Avtomatik həm də ikinci sarı vərəqədir. Bilmirəm... Nə qədər bu barədə danışsaq da... “Zirə”nin oyunlarındakı bu qərarlar artıq dördüncü ildir davam edir. Keçən il bir az azalmışdı. Eləcə də cari mövsümün əvvəlində də. Baxırsan ki, istər bu oyun olsun, istər “Qarabağ”la matçda 2 qırmızı vərəqə epizodu, yaxud əvvəlki turlarda baş verən hadisələr - bu qədər təsadüf ola bilməz”.