Ermənistanda nazirliyin maşınını dərəyə atdılar

20
Yan
2024
21:28

Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin avtomobili qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxslər tərəfindən qəsdən dərəyə atılıb.

Azreform.info ” xəbər verir ki, bu barədə polisin saytı məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl saat 17:00-da Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı Tavuş (əvvəlki tarixi adı Barama-red) vilayətinin Operativ İdarəetmə Mərkəzinə zəng edərək təcili olaraq İcevan-Vazaşen kəsişməsinə patrulçuların göndərilməsini xahiş edib.

Əraziyə gələn operativ qrup müəyyən edib ki, Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı odunla yüklənmiş “Qaz-66” və “UAZ” markalı avtomobilləri saxlamağa cəhd edib, lakin sonuncular Təbiəti Mühafizə Nazirliyinə məxsus “Nissan Patrol” markalı avtomobili qəsdən vuraraq onu dərəyə itələyib. “Qaz-66” və UAZ sonra ərazidən uzaqlaşıb.

Polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib. Onlar saxlanılaraq İcevan polis bölməsinə aparılıb. Saxlanılanlar cinayət əməllərini, habelə meşədəki ağacları qanunsuz kəsdiklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanıb.