Portuqaliyalı superulduz Kriştiano Ronaldonun görüntüləri maraq doğurub.
Azreform.info xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu olan “Əl-Nəsr”də forma geyinən fulbolçu müsahibəsi ilə də diqqət çəkib.
Belə ki, təltifetmə mərasimində “ilin ən yaxşı kişi oyunçusu” mükafatına kimin layiq olduğu açıqlanan zaman Ronaldo əli ilə “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Halandı göstərib.
"O buna layiqdir", - deyə Kriştiano bildirib.
Erlinq Haland mükafat qazandıqdan sonra bunları deyib: “Mançester Siti fantastik klubdur, burada olmaqdan həqiqətən zövq alıram. Ümid edirəm ki, zədədən tezliklə geri qayıdacağam, oynamamaqdan sıxılıram!”
Ronaldo isə çıxışı zamanı Səudiyyə Pro Liqasının “Ligue1”dən (Fransa çempionatı) daha yaxşı olduğunu deyib.
“Burada keçirdiyim bir ildən sonra 100 faiz əminliklə deyə bilərəm ki, “Ligue1”dən daha rəqabətlidir. “Əl-Nasr”də özümü çox xoşbəxt hiss edirəm. “Səudi Pro” liqası dünyanın ən yaxşı üç liqası arasında olacaq! Beləliklə, Səudiyyədəki insanlar mütləq qürur duyacaqlar.
Bu mövsüm demək olar ki, 39 yaşında ən yaxşı qol vuran adam idim... Haland kimi gənc canavarları təsəvvür edin, qürur duyuram!”, - Ronaldo çıxışı zamanı bildirib.
Portuqaliyalı ulduz “Globe Soccer Awards”da 3 mükafata layiq görülüb:
- İlin bombardiri
- İlin ən sevimli oyunçusu
- İlin ən yaxşı Orta Şərq oyunçusu
Qeyd edək ki, mərasim “Globe Soccer” tərəfindən təşkil edilir və FİFA, UEFA, ECA kimi beynəlxalq futbol təşkilatlarının iştirakı ilə BƏƏ-nin Dubay şəhərində keçirilir. Mərasimə böyük klublar, beynəlxalq futbolçular, məşqçilər və məşhurlar qatılır.