Fransanın Cənubi Qafqazda "burnu ovulacaq"- AÇIQLAMA

18
Yan
2024
11:07

Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bu sənədin heç bir hüququ qüvvəsi yoxdur və zibilxanaya atılacaq kağız parçasıdır. 

Bunu Azreform.info -a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

"Bu anti-Azərbaycan sənəd beynəlxalq hüquqa zidd və müstəqil ölkələrin daxili işinə birbaşa müdaxilədir. Daha dəqiqliklə ifadə etsək, bu, Fransanın hələ də müstəmləkə siyasətini davam etdirmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyan sənəddir. Ona görə də biz bunu Fransa tarixindəki qara ləkələrə əlavə ediləcək növbəti bir sənəd hesab edə bilərik. Çünki Fransanın siyasi elitası tarixlərindəki qara ləkələrindən nəticə çıxarıb yanlış siyasətlərini düzgün istiqamətə yönləndirmək əvəzinə, biz bu ölkənin hələ də müstəmləkəçi siyasət yürütmək, yeni-yeni bəşəri cinayətlər törətmək iddiasında olduğunu görürük. Bunu da beynəlxalq hüquqa hayqırı formada açıq şəkildə həyata keçirməkdədirlər", - deputat qeyd edib.

Onun sözlərinə görə, Fransa unudur ki, artıq dünya o dünya deyil. "Müstəmləkəçilik siyasəti effekt vermir. O tarixin acı dərslərindən nəticə çıxara bilmir. Bu gün dünyanın müxtəlif bölgələrində Fransanın "burnu ovulur". Müstəmləkəçilik siyasəti yürütdüyü ölkələrdən qovulur, biabırcasına çıxarılır. Amma buna baxamayaraq dünyanın digər bölgələrində bu siyasətini davam etdirməyə çalışır. Ancaq bilmir ki, onun bu siyasəti nəticə verməyəcək", - o vurğulayıb.

Deputat əlavə edib ki, bu gün Fransanın siyasi elitası erməni lobbisinin əlində  oyuncaq bir alətə çevrilib: "Erməni lobbisi Fransanın siyasi elitasını öz məqsədləri üçün istifadə edir. Bu özünün Azərbaycanla bağlı siyasətdə də büruzə verir. Azərbaycan Fransaya qarşı nə qədər xoşgörü siyasəti yürütsə də nəticəsi yoxdur. Ölkələrimiz arasında münasibətlər heç də yaxşı olmayıb. Fransa Senatında qəbul edilən son sənəd də bunun bariz nümunəsidir. Zaman-zaman belə kəskin xarakter alan məqamlar olub, lakin danışıqlarla bunlar yoluna qoyulub. Ancaq Makronun hakimiyyəti dövründə bu davamlı xarakter alıb.

Fransa unutmamalıdır ki, heç zaman Azərbaycana qarşı belə təzyiq dili ilə danışmaq  və bu yolla nəyəsə nail olmaq ona müyəssər olmayacaq. Azərbaycan Fransanın bölgədəki müstəmləkəçilik niyyətinə imkan verməyib və bundan sonra da  verməyəcək. Bunun qarşısını alacaq. Azərbaycanın adekvat siyasəti nəticəsində bu gün Afrikadan "burnu ovularaq" çıxarılan Fransanın Cənubi Qafqazda "burnu ovulacaq". Azərbaycana qarşı çirkin niyyətləri boşa çıxacaq.

Hesab edirəm ki, Azərbaycan Fransa ilə xarici siyasətinə yenidən baxacaq və onun yürütdüyü siyasətə adekvat olaraq gələcək fəaliyyətini müəyyənləşdirəcək".

Mürtəza
Azreform.info