Prorektorun qətlini sifariş verən keçmiş rektorla bağlı QƏRAR

17
Yan
2024
16:49

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər, ona görə də iclasın təqsirləndirilən şəxslərin səmimi etiraf etmələri üçün qapalı keçirilməsi vacibdir.

Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər vəsatəti müdafiə ediblər. Prokuror Cövdət Mehrəliyev isə vəsatətin təmin olunmamasını istəyib.

Onun sözlərinə görə, cinayət işinin materiallarında sirr təşkil edən hala rast gəlinməyib, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.

Hakim deyib ki, prosesin qapalı keçirilməsi üçün əsas yoxdur. Bu səbəbdən hakim vəsatəti təmin etməyib. Deyib ki, prosesin gedişində qapalı keçirilməsinə hər hansı bir zərurət yaranarsa, bu məsələ müzakirə oluna bilər.

Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarına əsasən, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.

Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbirləri seçilib.