Vəfatı əks-səda doğurdu, bizi özümüzə qaytaran xalqın sənətkarı - VİDEO

15
Yan
2024
09:21

Geridə qoyduğumuz həftənin ən çox müzakirə edilən hadisəsi sözsüz ki, Əməkdar artist Aygün Bəylərin vəfatı oldu.

Azreform.info xəbər verir ki, hər zaman ifaları, özünəməxsus geyim tərzi, danışıq üslubu və s. ilə müzakirələrə səbəb olan sənətçinin gedişi də səs-küysüz ötüşmədi.

Müzakirələr ilk olaraq onun vəfatı ilə bağlı yerli mətbuatın məlumat yaymasından sonra başladı.

Qısa müddət sonra Mədəniyyət Nazirliyinin ölüm xəbərini təkzib etməsi, bir neçə saat sonra isə sənətçinin ölüm barədə bu qurumun məlumat yayması ilə media "günah keçisi" elan edildi.
Mədəniyyət Nazirliyi xəbəri təkzib edərkən Aygün Bəyərin süni nəfəs apartına qoşulduğunu açıqladı. Məsələ burasında idi ki, nazirlik həmin gün saat 22:50-də müalicə aldığı Türkiyədən Ankara-Bakı reysi ilə vətənə gətiriləcəyini desə də, bu, baş vermədi və heç bir məlumat olmadığından jurnalistlər hava limanında bir neçə saat gözləməli oldular.
Nazirlik isə həmin gecə sənətçinin öldüyünü açıqladı.

Ən qəribə məqamlardan biri isə Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədovun açıqlaması idi. O, ölən sənətçi haqqında "Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm" sözləri olmuşdu.
Sənətçi ilə bağlı ən çox tənqid edən növbəti məqam isə ona bu vaxta qədər Xalq artisti fəxri adının verilməməsi idi.Bu adların verilməsi üçün siyahını hazırlayan qurum Mədəniyyət Nazirliyi olduğundan tənqidlərin əsas hədəfi oldu. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevi günahlandırdılar. O isə mətbuata açıqlamasında "Hər şeyin qanunu və vaxtı var. Əməkdar artist adı verilməsindən sonra müəyyən vaxt keçməli idi" dedi. Maraqlıdır ki, Aygün Bəylərə Əməkdar artist fəxri adı veriləndən Əbülfəs Qarayev nazir vəzifəsindən göndərilənədək düz 18 il vaxt keçmişdi.

Aygün Bəylərin Xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyinə görə ötən il efiri tərk etməsi və buna görə məhkəməyə verilməsi də yenidən gündəmə gəldi.
Məhkəməyə üz tutan Röya Ayxan isə onunla bağlı paylaşım edərək əvvəlcə ailəsinə başsağlığı verməsi, sonra isə "xətrimə dəymişdi, amma çox istərdim ki, o yaşasın" sözləri də müzakirə edildi. 
Onun vəfatı haqda danışan Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin dedikləri də diqqət çəkdi. 

SİTAT: “Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. 
Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı".
Aygün Bəylər bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert baş tutmadığına görə sənətçi həmin məbləği itirmişdi.
2022-ci ildə Prezident İlham Əliyev onun girovda olan evini doğum günündə Əməkdar artistə hədiyyə etmişdi.
Aygün Bəylərin ölümündən sonra onun haqqında sosial şəbəkələrdə ən çox yazılan cümlə isə "sağlığında qiymət verin insanlara" olmuşdu.

Aygün Bəylərin 2019-cu ildə “Avroviziya” qalibi Nigar Camalla oxuduğu “Nəfəsim, qəlbim” mahnısı 4 il sonra yenidən gündəmə gəldi, 3 gündə 400 mindən çox baxış sayı topladı, TikTokda isə trendə düşdü.
Mərhum sənətkar yaşayan zaman ona Xalq artisti adının verilməməsini dilə gətirməyənlər ad davası elədi.

Aygün Bəylər yaşayanda sözlərinə görə, tərzinə və üslubuna görə tənqid edildi. Ölümündən sonra da barəsindəki müzakirələr bitmək bilmir. Kimisi reytinq toplayır, kimisi mərhumun üzərindən xal yığmağa çalışır, kimisi isə həqiqətən səmimi fikirlərini dilə gətirir.
Amma böyük əksəriyyətin cəm olduğu bir fikir var: Aygün Bəylər xalq artisti adını almasa da, xalqın artisti idi.

Allah rəhmət eləsin!

Billurə