Ziyafət Əsgərov: Prezidentin birmənalı mesajından həm Ermənistan, həm də Fransa nəticə çıxarmalıdır

14
Yan
2024
12:07

Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı mesajından həm Ermənistan, həm da Fransa lazımı nəticə çıxarmalıdır.

Azreform.info xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin formatı dövlət başçısının mediaya açıqlığı, tam açıq mühitin mövcudluğunu özündə əks etdirir. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun unikal formasıdır: “Müsahibə həm də Prezidentin Azərbaycan mediasına verdiyi dəyər və qiymətin göstəricisidir. Prezident, Ali Baş Komandan Vətən Müharibəsi zamanı da xalqla birbaşa dialoqa üstünlük verib. Ali Baş Komandanın həmin günlərdə televiziya vasitəsi ilə müraciətləri, tvitləri, beynəlxalq mediaya müsahibələrini xatırlamaq kifayətdir”.

Ziyafət Əsgərov Prezidentin yerli televiziya kanallarına müsahibəsində xalqımıza və dünyaya mühüm mesajlar verdiyini söyləyib: “Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda duran növbəti vəzifə bütün ərazilərimizdə suverenliyimizin bərpası idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti ərzində bu vəzifə də əslində çox qısa müddətdə - 3 il ərzində öz həllini tapdı. 2023-cü ilin sentyabrında keçirilmiş antiterrər tədbirlərinin qısa müddətə uğurla başa çatmasında düşünülmüş və peşəkarlıqla həyata keçirilmiş əməliyyatlar nəticəsində 2021, 2022-ci ildə nəzarətə götürülən yüksəkliklər və Laçında Azərbaycan postunun qurulması əhəmiyyətli rol oynadı. Beləliklə, dövlət başçısının da qeyd etdiyi kimi, Qarabağ probleminin həlli, 2023-cü il sentyabrın 20-də antiterror tədbirlərinin başa çatmasından sonra müasir tariximizin yeni dövrü başladı”.

Milli Məclisin komitə sədri hazırda qarşıda duran əsas məsələnin Ermənistanla sülh müqaviləsinin imzalanması olduğunu nəzərə çatdırıb: “Azərbaycan sülh müqaviləsi ilə bağlı heç bir zəmanətçilərə ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərəfdarıdır. Bu zaman onu da nəzərə almaq lazımdır ki, 1918-ci ildə İrəvan şəhəri, sovetləşmədən sonra Zəngəzur Ermənistana verilib, sovet illərində bu proses davam edib və sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan bununla razı ola bilməz. Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və Cümhuriyyət dövrünün xəritəsini əsas kimi götürməyə də haqqı var. Azərbaycan Prezidenti müsahibədə Ermənistana və dünyaya mühüm mesajlar verdi. Digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın təklifi Ermənistanın suverenliyinə təhdid deyil, sadəcə, bu öhdəlikdən boyun qaçıran erməni tərəfi əsassız bəhanələr gətirir. Azərbaycanın təklifi beynəlxalq təcrübəyə əsaslanır. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir, digər ölkələrə gedən yüklərə görə isə gömrük rüsumları ödənilməlidir. Ermənistanın alternativ olaraq irəli sürdüyü “sülh qovşağı” layihəsi avantüradır, hava şəraiti və relyefə görə bu marşrut yararsızdır. Azərbaycan Prezidenti bəyan etdi ki, əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyil. Bu, İrəvana birmənalı mesajdır. Əgər Ermənistan Azərbaycanın bu məqbul təklifi ilə razılaşmazsa, nəqliyyat-kommunikasiya xətlərindən, regional və qlobal layihələrdən yenə kənarda qalacaq, yenə sadəcə, dalan olacaq”.

Ziyafət Əsgərov vurğulayıb ki, Fransa tərəfindən Ermənistanın silahlandırılması, yeni müharibəyə hazırlıq yalnız Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər: “Azərbaycan Prezidentinin bu yöndə birmənalı mesajından həm Ermənistan, həm da Fransa lazımı nəticə çıxarmalıdır”.