DQİDK yanında İctimai Şuraya seçkilər keçirilib

17
Noy
2023
18:55
Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. Seçkinin təşkili məqsədilə Dövlət Komitəsi nümayəndələrindən 4, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən Şuraya üzvlüyün say həddi 9 olaraq təsdiq edilib.

Seçki Komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarının 18 nümayəndəsi namizəd kimi qeydə alınıb. “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyinin sədri Elçin Əlişah oğlu Çobanzadə namizədliyini geri götürüb.

Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün seçici qismində iştirakla bağlı sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 104 seçici rəsmi qeydiyyata alınıb. Onlardan 96 nəfər səsvermədə iştirak edib.

Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və hamısı etibarlı hesab edilib.

Seçkinin yekunu olaraq DQİDK yanında İctimai Şuranın 9 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

1. Aqil Tapdıq oğlu Camal – “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri (17 səs);

2. Büllur Cavad qızı Məmmədova – “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini (14 səs);

3. Cavid Nadir oğlu Şahverdiyev – “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri (27 səs);

4. Fərid Tahir oğlu Şahbazlı – "İslahatçı Gənclər" İctimai Birliyinin sədri (41 səs);

5. Məhsəti Əli qızı Hüseynova – “Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru (52 səs);

6. Nərminə Şərif qızı Qəribova – “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri (31 səs);

7. Seymur Firidun oğlu Əzəmmədov – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyinin sədri (59 səs);

8. Sevinc Əsgərxan qızı Alızadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək Birliyinin sədri (25 səs);

9. Səbuhi Eldar oğlu Abdullayev – “Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri (14 səs).

Qeyd edək ki, İctimai Şuranın yaradılması Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi məqsədi daşıyır.