Sabit inkişafın bünövrəsi

13
Yan
2024
12:59

 

Prezident İlham Əliyevin cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində cəmiyyətə yeni, çox mühüm fikirlər açıqlamış, ölkəmizdə və xarici aləmdə baş verən hadisələrin həqiqi təhlilini vermisdir. övlətimizin başçısı qeyd etmişdir ki, son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi.

Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi.

Azərbaycanın müasir tarixinin yeni dövrü başlayıb: “20 sentyabr tarixindən sonrakı dövrü əhatə edən bu yeni mərhələ özündə yeni hədəfləri ehtiva edir. Ölkəmiz hər zaman irəliyə doğru addımlamağı qarşısına əsas hədəf kimi qoyub. Bu gün ölkəmizin tarixi Zəfərimizin reallıqları əsasında dünyaya təqdim etdiyi yeni inkişaf modeli beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir.

Əliabbas Salahzadə vurğulayıb ki, Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi: “Qürurvericidir ki, bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar. Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur.

Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.

30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər.”

Qürurla deyə bilərik ki, yeni dövrün ən mühüm hissəsi 2023-cü il sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.

Şəhidlərimizin qisasını aldıq onların qanı yerdə qalmadı. Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və dirçəlir. 2024-cü ildə də bu yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı davam edəcək.

Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm bu ərazilərə qayıdan sakinlər üçün treninqlər keçirilir, həm də yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin Fransa-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən verdiyi açıqlamaların əslində bütün dünyada olan anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq bunları deyib:

“Öz müsahibəsində cənab Prezident İlham Əliyev çox dəqiq olaraq qeyd etdi ki, bu gün həm Fransada, həm də bir çox digər Avropa ölkələrində böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsində təsadüfi adamlarla – populistlər və demaqoqlarla əvəz olunublar. Bu isə, əlbəttə ki, xoşagəlməz nəticələrə gətirib çıxarır.

O cümlədən bu ölkələr tərəfindən Azərbaycanla münasibətlər də artıq fərqli müstəvilərə daşınmaqdadır. Cənab Prezident İlham Əliyevin illər boyunca apardığı uğurlu xarici siyasətin nəticələri məhz bu məqamda da özünü ən qabarıq şəkildə göstərdi. Ölkələrin əksəriyyəti Azərbaycanı dəstəklədi və Fransanın bütün cəhdləri tam uğursuzluqla nəticələndi. Bu, rəsmi Paris üçün çox güclü siyasi zərbə idi. İkinci zərbə isə, Avropa İttifaqının onlara qoşulmaması oldu. Hətta Avropa İttifaqı diplomatiyasının rəhbərinin belə Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alması da vəziyyəti dəyişə bilmədi.

Uzun illərdən sonra biz, nəhayət ədalətin təntənəsinin şahidi olduq. Amma bilməliyik ki, güclü lider olmadan heç bir məqsədə nail olmaq mümkün deyil. Qazandıqlarımızı qoruyub saxlamaq hazırda ali məqsədimizdir və bunu hamımız aydın dərk etməliyik. Prezidentin öz müsahibəsində tövsiyə etdiyi kimi, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu amil çox önəmlidir.

Yaxın günlərədə keçiriləcək seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Necə ki, böyük Heydər Əliyev yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, Prezident İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Dövlət başçımızın dediyi kimi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin əsas səbəbi yeni dövrün başlanmasıdır.

Etibar Əhmədov Xətai rayon İcra Hakimiyyəti