Hepatitə yoluxan şagirdlər Bakıya gətirildi

17
Noy
2023
12:06

Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb.

TƏBİB-dən Azreform.info-ya bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib:

"Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir".

Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ - 10a, E.A - 9d), digər 2-si isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir:

"Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu barədə mütəmadi olaraq maraqlanırıq. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etmələri və virusdan qorunmağa çağırır".