Kölgə təhsili təhsilin gələcəyinə kölgə salır

15
Noy
2023
13:17

Nəhayət Milli Məclisdə kölgə təhsili yəni repetitor məsələsinə dünən nəzər salınıb. Gerçəkdən aktual məsələdir. Millətin, dövlətin strateji sahəsi olan təhsilə heç kim barmaqarası baxmamalıdır. Bu sahədə hər hansı əyintilər, ciddi problemlər gec-tez özünü cəmiyyətdə çılpaqlığı ilə üzə çıxarır. Bu baxımdan kölgə təhsilinə işıq salmasaq işıqsız qalacayıq.

Bunu Azreform.info-ya ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, cəmiyyətdə bir çox problemlər təhsildən qaynaqlanır. Şablon çıxsada deməliyəm. Çünki sabahın müəllimi, polisi, həkimi və digər peşə sahibləri məhz orta məktəbdə ilk addımlarını ataraq işıqlı insan olurlar.

Dövlət təhsil sisteminə yetərincə vəsait ayırır, yeni məktəb binaları inşa olunaraq məktəblilərin istifadəsinə verilir. Bəs keyfiyyətli təhsil niyə hiss olunmur. Valideynlər öz övladlarını niyə məktəbdən sonra əlavə vəsait ödəyərək repetitor yanına göndərirlər?

Elm və Təhsil Nazirliyi bu acınacaqlı duruma aydınlıq gətirməlidir.

Birincisi, Elm və Təhsil Nazirliyi düşünməlidir ki, orta məktəbdə bu qədərmi zəif dərs tədris olunur ki, valideyn övladını repetitor yanına göndərməyə məcbur olur.
İkincisi, repetitorluqla məşğul olan müəllimin məktəbdə nə işi var. Gedib hər hansı kurslarda dərsi ilə məşğul olsun, pulunu qazansın.

Əgər təhsilimiz gerçəkdən kölgə təhsilin əsarətinə düşübsə o zaman Elm və Təhsil Nazirliyi duruma aydınlıq gətirməlidir.
Nəhayət Vətəndaş Cəmiyyəti İnstitutları, media belə həssas məsələləri diqqətdənkənarda saxlamamalıdır.