Rusiya prezidenti Vladimir Putin Moskvada Vişnevski adına Mərkəzi Hərbi Hospitalın ikinci klinikasında olub.
Azreform.info Müsavat.com-a istinadla xəbər verir ki, Putin burada verdiyi açıqlamada Rusiyanın Belqorod şəhərində 24 nəfərin həyatını itirdiyi hücumu "terror aktı" kimi qiymətləndirib.
“Bu yaxınlarda Belqorodda baş verənlər, əlbəttə ki, terror aktıdır. Onlar (Ukrayna - red.) çoxsaylı buraxılış raket sistemindən, MLRS-dən atəş açdılar. Onlar Yeni il qabağı insanların yürüş etdiyi şəhərin tam mərkəzində bu silahlarla hücuma keçiblər. Bu, mülki əhaliyə hədəflənmiş hücumdur və əlbəttə ki, terror aktıdır" - Rusiya lideri vurğulayıb.
Putin həmçinin qeyd edib ki, Rusiya hücumları gücləndirəcək: "Mülki şəxslərə qarşı heç bir cinayət cəzasız qalmayacaq və bu, dəqiqdir".
Qeyd edək ki, Belqorod şəhərinə şənbə günü baş verən hücum Moskva administrasiyasının Ukrayna şəhərlərinə genişmiqyaslı hücuma başlamasından sonra baş verib.
"Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinə intensiv raket hücumu nəticəsində 24 nəfər həyatını itirib. 108 yaralının xəstəxanalarda müalicəsi davam edir, vəziyyəti ağır olan 25 yaralının isə tam təchiz olunmuş xəstəxanalara köçürülməsi istiqamətində işlər davam edir" - Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib.