Kəmran Həsənli: Nura Surinin bu açıqlaması...

14
Noy
2023
19:15

Son vaxtlar efirlərdə səslənən qalmaqallı fikirlərə yeniləri əlavə olunur.

Nura Surinin səsləndirdiyi bir qadın eyni anda iki kişini sevə bilər fikri oldu.

Məhşurların bu tipli ifadələri ekranlarda səsləndirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır və normal qəbu edilmir.

Azreform.info saytı olaraq son vaxtlar efirlərdə artan bu halların səbəbini,belə fikirlərin səsləndirilməsinin cəmiyyətə,hal-hazırda yetişməkdə olan Azərbaycan gəncinin şüuraltına necə təsir göstərdiyini, bu halların qarşısı necə alınacağını öyrənmək üçün suallarımızı illərdir Azərbaycan teleməkanında əvəzsiz xidmətləri olmuş Kamran Həsənliyə yönəltdik.

-Hörmətli Kamran müəllim, sizi illərlə televiziyalarda müxtəlif verilişlərdə maraqla izləmişik və hər zaman sizin milli-mənəvi dəyərlərimizə yüksək səviyyədə diqqət çəkdiyinizin şahidi olmuşuq. Son zamanlarda istər efirlərdə istərsə də digər platformalarda qalmaqallı və milli dəyərlərmizə zidd olan ifadələr səslənilir. Bu ifadələrə misal olaraq yaxın zamanlarda səslənən Nura Surinin bir qadın eyni vaxtda iki kişini sevə bilər açıqlamasını göstərə bilərik.Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik,bu kimi ifadələrin ekranlardan sənət adamları tərəfindən səsləndirilməsinə münasibətiniz necədir?

-Nura Surinin bu açıqlamasını görməmişəm və bu barədə fikir bildirə bilmərəm, lakin ümumi olaraq qeyd edə bilərəm ki,televiziyalarımızın hal-hazırki vəziyyəti acınacaqlıdır.

İndiki Azərbaycan televiziyasını kökündən dəyişmək, hətta 0-dan inşa etmək lazımdır ki, Azərbaycan xalqının, millətin adına layiq televiziyalar olsun. Biz 20 il öncə buna nail olmuşduq,həmin vaxtlar xalqımız rahat şəkildə və maraqla televiziya verilişlərini izləyə bilirdi. Ekranlarda peşəkar sənət nümayəndələri çıxışlar edirdi, Azərbaycanda incəsənətin inkişaf etdirilməsi, Turançılıq ,Türkçülük və digər önəmli mövzularda səviyyəli müzakirələr aparılır,istedadlı şəxslər efirlərə çıxarılırdı.

 Bu gün televiziyaları hətta 20 il öncəkindən daha yaxşı vəziyyətə gətirmək olar, lakin peşəkarlar səhnə adamlarının bir çoxu televiziyalardan uzaqlaşıb,biz onlarla birlikdə hal-hazırki bu acınacaqlı vəziyyəti dəyişə bilərik.

 Bu gün biz ekranlarda qeyri-peşəkarları görürük, hansı ki, onların mövqeyi reytinq üçün sadəcə gəlin- qaynana münasibətlərini və s. bu kimi mövzuları müzakirəyə çıxarmağı əhatə edir.

-Kamran müəllim,Azərbaycan xalqı bütün dövrlərdə peşəkar sənətçilərə,sənətkarlara dəyər vermiş, əl üstündə tutmuşdur. Bu gün həmin peşəkar kadrların televiziyadan uzaqlaşmasının səbəbi nədir?

-Buna səbəb televiziyalarda səviyyəsnin aşağı enməsi,burada fəaliyyət göstərən aparıcılar,rəhbərlər, ümumilikdə kadrlar televiziyanın statusunu elə aşağı salıblar ki, hətta özünə hörmət edən sənətçi verilişlərə getmək istəmir. Öz statusunu aşağı salmaq istəmir.

Qeyri-peşəkarların gəlib orda bazar açması, orda olan departamentlərin rüşvət mənbəyinə çevrilməsi televiziyalarımızı gətirib bu hala çıxardı.Yəni qısaca desək, bazar adamlarının televiziyalara rəhbərlik etməsi peşəkarların sənətdən uzaqlaşmasına gətirib çıxarır.