Veteranlara verilən 80 manata yenidən baxılmalıdır

14
Noy
2023
13:11

 

“2024-cü ilin dövlət büdcəsində orta aylıq əməkhaqqı 980 manat, orta aylıq pensiya 483 manat nəzərdə tutulur. Amma əhalinin əksəriyyətinin həm aylıq əməkhaqqı, həm də pensiyaları bu məbləğdən çox aşağıdır. Ona görə də hökümətin antiinflasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha da təsirli və nəticəli tədbirlər görülməsini, o cümlədən bu il Rəqabət Məcəlləsinin tezliklə işə salınmasını vacib hesab edirik. Operativ sürətdə tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azalmaq, qiymət manipulyasiyaları və süni qiymət artımına yol verilməsinin qarşısının alınması mümkün olsun”.


Azreform.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib. 

Bölgələrdə iş yerlərinin açılması Azərbaycan hökümətinin prioritet sahəsi elan olunmalı, xüsusilə Quba-Xaçmaz iqtisadi rayonunda emal müəssisələrinin yaradılmasına diqqət yetirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə sənayə parklarının yaradılmasının təqdir etməklə yanaşı, həmin ərazilərdə hərbi sənaye müəssisələrinin filiallarının tikilməsini də təklif edərdim. Müharibədən öncə, həmin ərazilərdə belə müəssisələr fəaliyyət göstərirdi. Hökümətdən xahiş edərdim ki, müharibə veteranlarına verilən 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar  bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin”, - deyə deputat bildirib.