Sadə Azərbaycan vətəndaşından soruşsaq, 2024-cü ilin dövlət büdcəsinin bir prinsiplə - Vətən müharibəsində qalib gələn xalqı, ordunu və dövlətin özünü gücləndirmək, Qələbəni qorumaq və möhkəmləndirmək əsasında hazırlanmasına səs verəcək. Prezident İlham Əliyevin ölkəmizdə və dünyada yüksək nüfuzu istənilən hökumət üçün bütün təbii sərvətlərdən daha güclü resursdur və hamılıqla çalışmalıyıq ki, millətimizin Zəfərdən sonrakı yüksək gözləntiləri reallaşsın, ölkə başçısının xarizması, beynəlxalq avtoriteti və çevik xarici siyasəti daxildə uğurların davamına, problemlərin həllinə yönəlsin. İqtisadiyyatın gücləndirilməsini Silahlı Qüvvələrlə müqayisə etsək, təkcə Ordumuzda deyil, bütün sənaye sahələri və qeyri-neft sektoru da 5-ci nəsil texnologiyaları ilə təchiz olunsun, belə demək mümkündürsə, bayraqdarları, loraları iqtisadiiyyata gətirmək mümkün olsun.
Azreform.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, ölkəmizin sənaye potensialınının böyük olmasına rəğmən, ixracda 3-4 faiz təşkil edirsə, dövlətin investisiya yatırdığı onlarla müəssisə bağlanırsa, hökumət onların problemlərini açıq platformalarda, respublika müşavirələrində müzakirəyə çıxara, ölkəmizi xaricdən yüzlərlə məhsulun idxalından xilas edə bilər:
“Vətəndaşlarımızı kütləvi xırda ticarətin cəngindən almağın tək yolu budur. İnşaat meydanlarımız qonşu ölkələrin basqısı altındadır, o cümlədən, kənd təsərrüfatında emal sənayesi qura bilsək, süfrələrimizi, sağlamlığımızı hibrid məhsullar işğal etməz.
Məlumat üçün, OCED ölkələrində aqrar məhsulun 75 faizi emal edilir, bizdə bu rəqəm 15 faizdir. İndi Qərbin hər addımda suçladığı Stalinin qururla 1928-33-cü illərdə sovet ağır sənayesinin 2.5 dəfə, çuğundan polada, metal dəzğahlarından avtobilə qədər görünməmiş həddə, 25000 faiz yüksəlməsini - “biz sənaye ölkəsinə çevrildik” deməsini parlaq nümunə kimi xatırlamalıyıq. İdeologiyasını və 5 illik planlarını bir kənara qoymaq olar, lakin Azərbaycanın bütün sahələrdə 44 günlük təhsil, səhiyyə, kənd təsərrüfatı planlarına ehtiyacı var. Son 30 ildə millətimiz “Qarabağ boyda dərdimiz var” deyirdi, indi xalqın gündəliyi dəyişib, digər məsələlər önə keçib. Ona görə hökumətin 1-ci hədəfində qabaqcıl texnologiyalı sənaye ölkəsinə çevirmək olduğuna inanırıq. Səhhətində problemlərə baxmayaraq, Ulu öndər Heydər Əliyev 2022-ci ilin aprelində 500 sahibkarla 7 saatdan artıq görüşüb demişdi ki, məqsədi milli istehsalı və nəhəng sənayeni yeni texnologiya ilə təzədən bərpa etməkdir.
Bəli, Azərbaycan Qarabağın döyüş meydanında Ermənistana qalib gəlib, lakin erməni ideologiyası, kilsəsi, diasporu bütün dünyada əleyhimizə daha amansız iş aparır. Bütün millətlərdən fərqli olaraq, ermənilər qalib gələndə deyil, məğlub olanda güclənirlər.
İlham Əliyevin qarşıdakı 20 illik prezidentlik dövrünü “azərbaycanlı köçkün” terminini tarixə qovuşdurmaq və rifah dövlətinə çevrilmək təşkil edəcəkdir. Bəli, müstəqillik tarixində ilk dəfə büdcə qanunu da bütövləşib və biz bütün dünyaya göstərməliyik ki, ermənilərdən fərqli olaraq, Qarabağda qurucu millətik! Qayıdışa xərclənən və Xankəndi daxil, bir vaxtlar ermənilərin istismarında olan resursların Azərbaycan iqtisadi dövriyyəsinə qaytarılması təkcə ÜDM-i deyil, bütün vətəndaşlarımızın qaçqınlıq və köçkünlükdən qalan ağır humanitar, mənəvi mirasın da aradan qalxmasına, əmək, mədəniyyət və ictimai münasibətlərimizi də təzələməlidir”.
Deputat hesab edir ki, 2024-cü ilin əsas hadisəsi Ermənistanla sülh müqaviləsi və təkcə Zəngəzur və İran üzərindən deyil, bütün kommunikasiyaların açılması olacaqdır:
“O zaman ölkəmizin nəqliyyat-logistika sistemi Türkiyə, Çin, İran və Rusiya ilə ayaqlaşa biləcəkmi? Söhbət təkcə Bakıdan Qarsa gedən yolun Zəngəzurla müqayisədə 220 km çoxluğunda deyil, məsafənin qısalması ilə indinin özündə beynəlxalq statuslu daşıma şirkətlərinin azlığı, tariflər, bütün növ nəqliyyat parkının vəziyyəti və mütəxəssis çatışmazlığı bizi narahat etməlidir, əks halda yolların açılmasından daha çox xarici kompaniyalar qazanacaq. Əlbəttə, dövlətimizin sülh savaşını da udmasını heç bir iqtisadi gəlirlə ölçmək olmaz, bununla belə Ermənistanın Türkiyə və Azərbaycanla bütün kommunikasiyaların açılması perspektivinə biznes struktırlarını hazırlamaq faydalı olar.
Azərbaycanda demoqrafik dinamikaya 2024-cü ilin büdcəsi necə təsir edəcək? 4 il əvvəl, 29 yanvar 2019-cu ildə dövlət proqramın yekunlarına həsr olunan konfransda ölkə rəhbəri “Əhali nə qədər çox olarsa, ölkəmiz o qədər sürətlə inkişaf edər” bəyanatı ilə ailə institutunun qorunması və inkişafı, milli genofondumuzun gələcəyi, ordumuzun əsas nüvəsi olan gənclərlə qürur duyduğunu bəyan edib. Lakin bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub. Əlbəttə, demoqrafiya məsələsinin də siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib.
Ermənistan isə əksinə, son 3 ildə hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb. Gürcüstanda patriarx İlyanın 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb. Azərbaycanda 20 il əvvəl - 2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi - 32.000 min, yəni 3-ün birə nisbəti olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir”.
Zahid Oruc bildirib ki, Ermənistanın demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar səbəbindən “Qarabağda tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir:
“Məlumat üçün, ölkəmizdə 2022-ci ildə ana bətnlərində məhv etdiyimiz uşaqların sayı 58 mindir, 15065 nikahdan 6920-si boşanıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb və belə mənfi tendensiyanı yalnız məqsədli dövlət siyasəti durdura bilər. Ona görə də Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur.
Bu təkliflər Qələbimizin möhkəmlənməsinə xidmət edir və biz Hökumətə uğurlar arzulayırıq. Bir daha Zəfər büdcəsi və ölkəsi olduğumuza sevinir, hər birinizə uğurlar diləyirik”.