"Qərb terrorizmə, separatizmə qarşı mübarizəni əsas prioritetlərindən biri elan etsə də, yürütdükləri siyasətdə bunun əksinin şahidi oluruq. Digər məsələlərdə olduğu kimi, Qərb ölkələri terrorizm və separatizm məsələsində də ikili standartlar tətbiq etməkdədir. Lazım gəldikdə Qərb terrorizmi, separatizmi "azadlıq mücahid"ləri kimi qələmə verib onları dəstəkləyirlər.
Təəssüflər qeyd etmək lazımdır ki, Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verdiyi halda özü beynəlxalq terrorizmə qarşı mübarizədə ölkələrin ikili standartları və təzyiqləri ilə üzləşir. Uzağa getmək lazım deyil. Biz Qərbin Ermənistanın Azərbaycana işğalçılıq siyasəti zamanı şahidlik etmişik. Ermənistanın Qərbdəki havadarları hər vasitə ilə erməni terrorçuluğunu, sepratizmini dəstəkləyiblər və bu gün də dəstəkləməkdə davam edirlər. Son günlərdə Qərbdəki bəzi dairələr, xüsusən də erməni lobbisinin nəzarətində olan qüvvələr erməni terrorçularını və separatçılarını açıq şəkildə dəstəkləyən bəyanatlarla çıxış etməkdədirlər. Və bunu dövlət səviyyəsində həyata keçirib Azərbaycana təzyiq etmək yolunu seçiblər".
Bunu Azreform.info -a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
O deyib ki, bir çox dünya ölkələrinin məsələyə bu cür mövqe sərgilməsi nəticəsində beynəlxalq səviyyədə terrorizm probleminin qarşısını almağı mümkünsüz edir: "Nəinki mümkünsüz edir, əksinə, beynəlxalq səviyyədə terrorizm və separatzimin genişlənməsinə yeni imkanlar açır. Bunun da başlıca səbəbi terrorizmə beynəlxalq səviyyədə olan ikili standartlardır. Daha dəqiq desək, hansı dərəcədə təhlükəli olmasından asılı olmayaraq terrorçular və terror təşkilatları yaxşı və pis kateqoriyalarına ayrılırlar. Bir qayda olaraq Qərb, Birləşmiş Ştatlar üçün təhlükəli olan terror təşkilatları daha çox tənqid olunur, onlara qarşı mübarizə aparılır, ancaq terrorizmin hədəfi başqa məkan olduqda isə dərhal ikili yanaşma özünü büruzə verir. Həmin terrorçular və separatçılar lazım olan ölkələrin "sevimlisi" olaraq hərtərəfli şəkildə himayə olunur və dəstəklənir.
Son vaxtlarda uzun illər boyu Qarabağda məskunlaşaraq Azərbaycana qarşı terror, soyqırım, hərbi cinayətlər törətmiş erməni terrorçular və separatçıların Qərbdəki himayədarları yenidən fəallaşıb. Erməni terrorunun Qərbdəki himayədarları 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyat tədbirlərinin nəticəsi olaraq saxlanılaraq Bakıya gətirilən terroçuları və seprataçıları "erməni hərbi əsir" kimi qələmə verərək açıq şəkildə dəstəkləyib azad olunmasını istəyirlər. Amma həmin Qərb ölkələri bilməlidirlər ki, terrorçunun "yaxşı" və "pis"i olmur. Terrorçu elə terrorçudur. Onların müdafiəsinə qalxan ölkələr və güclər bilməlidirlər ki, Bakıda təcridxanada saxlanılan terrorçular Azərbaycan xalqına qarşı saysız-hesabsız terror aktı, soyqırım siyasəti, hərbi cinayətlər törətmiş şəxslərin çox az qismidir. Əgər qərb ölkələri doğrudan da terrora qarşı beynəlxalq səviyyədə effektiv mübarizə aparsın, o zaman Azərbaycan dövləti kimi terrorizmə töhfə vermək üçün xalqımıza qarşı cinayətlər, terror aktları törədən digər terrorçuların saxlanılaraq ədalət mühakiməsinə cəlb olunmasına yardım etsinlər. Yox, bu ad altında yenidən Cənubi Qafqazda gərginliyi davam etdirmək niyyətindədirlərsə, o zaman yanılırlar. Bu cür metodlarla da Azərbaycana təzyiq etməyin mənası yoxdur. Azərbaycan bir daha erməni terroruna və separatizminin revanşına imkan verməyəcək. Baş qaldırdığı təqdirdə baş üzərində dayanan "Dəmir yumruğu" görəcək".
Mürtəza
Azreform.info