Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK

4
Okt
2024
19:00

Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib.

Azreform.info xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ.Ələsgərov tərəfindən zorla diləndirilib.

İ.Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəli həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib.

Məlumata əsasən, azyaşlının atası bir neçə il əvvəl onları atıb. Anası isə illər əvvəl dünyasını dəyişib. Uşaq yalnız nənəsinin himayəsində yaşasa da, yaşlı qadın ona baxa bilməyib. Azyaşlı zərərçəkəni dilənməyə məcbur edən İ.Ələsgərov isə onların qonşusu olub.

Uşağa qarşı bu qandonduran zorakılığın qarşısını polis əməkdaşları alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.Ələsgərovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində Cinayət Məcəlləsinin 144-2.2.3-cü (məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.