Müstəqil dövlətin yeni Konstitusiyası

12
Noy
2023
17:04

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Azərbaycan Konstitusiyası dolğun və mükəmməl olmaqla yanaşı, dinamik bir sənəddir, həyatımızın yeniləşməsi və tərəqqisi üçün mühüm vasitədir. 

    Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

       Prezident İlham Əliyev çıxışında bildirir ki: Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

      İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. Demokratik dəyərlərə əsaslanan Konstitusiyamızın təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bəzi addımlar atılıb və bütün bunlar da, əslində, hakimiyyətin idarə edilməsində müasir tələblərdən irəli gələn dəyişikliklərdir.

      Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəddir.

    Konstitusiyamızın əsas prinsiplərinin və müddəalarının vətəndaşlarımız tərəfindən dərindən öyrənilməsi, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuza tamamilə uyğunlaşdırılması və onun yaratdığı təminatların reallaşdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.

Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri