Heç zaman olmadığı qədər güclü və xoşbəxt Azərbaycan

12
Noy
2023
14:25

Sədaqət Vəliyeva 

Millət vəkili 

8 noyabr, 2023-cü il. Heç zaman olmadığı qədər güclü və xoşbəxt Azərbaycan. Bu gün hər bir azərbaycanlı böyük sevinc və qürür hissi keçirirdi. Bu gün Şəhidlərimizin də ruhu şad idi. Çünki onların uğrunda canını fəda etdiyi vətən tam, suveren və qalib ölkəyə çevrilmişdi. Bu gün Ümumilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyevin də ruhu şad idi. Çünki Onun davamçısı, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyev, torpaqlarımızı işğaldan azad etmiş, ölkəmizi dünyanın inkşaf edən, beynəlxalq aləmdə böyük nüfuza malik bir dövlətinə çevirmiş, Ata Vəsiyyətini yerinə yetirmişdir.

Zəfərimizin üçüncü ildönümü Xankəndində keçirildi. Xankəndinin torpağı, hər daşı sevinirdi. Çünki xan kəndinə - Ali Baş Komandanımız cənab İlham Əliyev Xankəndinə gəlmişdi. Çünki bu torpağın əsl sahibləri qayıtmışdı.

Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradda iştirak edən cənab Prezidentimiz İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxundu və mühüm mesajlar verdi. İlk öncə dövlətimizin başçısı Vətən Müharibəsində qazandığımız parlaq qələbədən və qələbənin qazanılmasında xalqımızın həmrəyliyindən danışdı. Vətən Müharibəsində yaşından, cinsindən asılı olmayaraq hər bir azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşərək bir əsgərə çevrilmişdi. Hər kəs ordumuz üçün öz sahəsində əlindən gələn hər bir şeyi edirdi. Məhz bu birliyimiz ordumuza əlavə güc və ruh verərək qələbənin qazanılmasında böyük rol oynadı.

Daha sonra dövlətimizin başçısı Vətən Müharibəsində hərbi qulluqçularımızın igidliyindən danışdı. İkinci Qarabağ Müharibəsinin başladığı ilk saatdan etibarən on minlərlə gəncimiz döyüşlərdə iştirak üçün hərbi komissarlıqlara müraciət edirdi. Döyüşə yollanan gənclərimiz isə ölümün gözünə gülə gülə baxaraq ən şərəfli missiyanı yerinə yetirməyə gedirdilər. Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər olsun belə fərariyə rast gəlinmədi. Və xüsusi olaraq qeyd etmək lazımdır ki bu gənclər heç zaman Qarabağı görməmiş, havasını belə udmamışdır. Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə səfərbər olaraq torpaqlarımızı işğaldan azad etdi. Və bu gənclik cənab Prezident İlham Əliyevin dövründə yetişmiş, böyüyüb boya-başa çatmışdır. Məhz Azərbaycan gəncliyini Cənab Prezident İlham Əliyevin illər ərzində apardığı siyasət belə vətənpərvər və igid etmişdir.

Daha sonra dövlət başçımız Azərbaycanın sülh təşəbbüsləri haqqında danışdı. Ümumiyyətlə istər Ermənistanın işğalı zamanı, istər İkinci Qarabağ Müharibəsi, istərsə də postmüharibə dövründə Azərbaycan Ermənistanla münasibətdə maksimum dərəcədə humanistlik göstərmişdir. Azərbaycan prezidenti cənab İlham Əliyev çıxışlarında hər zaman rəsmi İrəvanı sülhə dəvət etmişdir.Lakin təəsüfki, Ermənistan tərəfi onları inkşafa aparan İlham Əliyevin sülh təşəbbüslərini dəyərləndirməmiş, havadarlarının sifarişlərini yeriə yetirmişdir. Nəticəsi isə göz qabağındadır: Bu gün Ermənistan böhran içində çabalayan, dünyada heç bir nüfuzu və gücü olmayan məğlub ölkədir.

Daha sonra cənab İlham Əliyev Ermənistan dövlətinin revanşist siyasəti haqqında danışaraq qeyd etdi ki, erməni xalqının bəlalarının səbəbkarı Ermənistana rəhbərlik etmiş şəxslərdir. Bəli bu gün Ermənistanın ağır duruma düşməsinin əsas səbəbkarları məhz Ermənistan hakimiyyəti və Ermənistandakı revanşist qüvvələrdir. Məhz onlar şəxsi mənafeləri naminə öz dövlətini uçuruma apardı. Bax budur, nəyi, necə və nə zaman etməli olduğunu yaxşı bilən İlham Əliyevin sözünə qulaq asmamağın nəticəsi. Bax budur səbrimizi sınamağın nəticəsi. Ermənistan hakimiyyəti indi isə otursun və Azərbaycanın qələbələrinə şahidlik edin. Xoş izləmələr.....