Nüsrət Məmmədov Qırğızıstanın ali “DOSTUK” ordeni ilə təltif olunub

2
Sen
2024
09:27

Bişkəkdə (Qırğızıstan) yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun uzun müddət yorulmadan Orta Asiya ölkələrində Azərbaycanın mədəniyyəti, tarixi, eləcə də azərbaycanlıların Ümummilli lideri Heydər Əliyevin müqəddəs irsini təbliğ edən prezidenti Nüsrət Məmmədov Qırğızıstanın ali “DOSTUK” ordeni ilə təltif olunub.

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov avqustun 31-ində Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi və Qırğızıstan Respublikasının Müstəqillik Günü ilə əlaqədar ölkə və xalq qarşısında yüksək fəaliyyətlərinə görə ali dövlət fərqlənmə nişanları ilə təltif olunan şəxslərə dövlət mükafatları təqdim edib.

Bu, açılışı avqustun 30-unda baş tutmuş Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının yeni “Intımak Ordo” binasında keçirilən ən birinci rəsmi tədbir idi.

Dövlət Başçısı öz çıxışında dövlət mükafatına layiq görülmüş şəxslərin önündə çıxış edib:

“Hörmətli həmvətənlər!
Əziz mükafat sahibləri!
Bu gün müqəddəs dövlətçiliyimizin və qazandığımız bütün uğurların şərəfini ucaldaraq, xaqlımızın böyük bayramını – Qırğızıstanın Müstəqillik Gününü qeyd edirik.
Sizlə irəli getməyə, həmçinin birlikdə tərəqqiyə və inkişafa doğru qətiyyətimizə şahidlik etmək arzusu ilə inşa olunmuş “Intımak Ordo” binasında dövlət mükafatlarını təqdimetmə mərasimində görüşməyimizə çox şadam.
Bu səbəbdən, Müstəqillik Günü və Qara-Qırğız Muxtar Vilayətinin yaradılmasının 100 illiyi münasibəti ilə ölkəmizin bir sıra vətəndaşlarını ölkənin sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafına verdikləri töhfəyə, həmçinin peşəkar fəaliyyətlərində görkəmli uğurlarına görə mükafatlandırmaq barədə qərar qəbul edilmişdir. İlk növbədə, fəaliyyətləri xalqa fayda vermiş və xalqın hörmətini qazanmış müasirlərimizi dövlət mükafatları münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Daha sonra QR Prezidenti Sadır Japarov öz çıxışında xüsusilə qeyd edib:

– Mükafatlandırılanların arasında “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Musa oğlu Məmmədov da vardır. Türkdilli ölkələrin qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə bu dövlətlərin görkəmli yazıçılarının əsərlərinin tərcüməsi və nəşrinə xüsusi diqqət verən və onları xalqımızın arasında təmənnasız yayan Nüsrət Musa oğlu “Dostuk” ordeninə layiq görülüb.

Prezident şəxsən özü Nüsrət Məmmədova layiq olduğu yüksək mükafatı təqdim edib.

Tədbirin bədii hissəsində QR Xalq artisti fəxri adına layiq görülmüş Gülzinat Surançiyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın (Bakı) sözlərinə bəstələnmiş “İssık-kul” mahnısını ifa etdi. Zalda əyləşmiş QR Baş nazirinin mədəniyyət məsələləri ilə məşğul olan müavini Edil Baysalov Gülzinat Surançiyevanın ifasını yüksək dəyərləndirdi.

Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın sözlərinə mahnını professor Abbasqulu Nəcəfzadə (Bakı) bəstələyib.

Xatırlatmaq zəruridir ki, mahnı QTRYŞ-nin (Qırğızıstan Televiziya və Radio Yayım Şirkəti) “Qızıl fond”una daxil edilib.