“Tütündən istifadə ağciyər daxil olmaqla bütün orqanlara ciddi zərər verir. Tütün istifadəsi dünyada hər 6 saniyədə bir insanın ölümünə səbəb olur. Bu zərərli vərdiş nəticəsində onkoloji xəstəliklər, tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qan törədici sistemlərinin xəstəlikləri yüksək ehtimalla baş verə bilər”.
Azreform.info xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.
İ.Axundova bildirib ki, tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir: “Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidik-cinsiyyət orqanlarının, qan törədici sisteminin xərçəng xəstəliyinin yaranması riski artır. Eyni zamanda, ürək-damar xəstəliklərinin (ateroskleroz, beyin və ürək-damar xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı) baş verməsi ehtimalı yüksəlir. Elmi cəhətdən sübut olunub ki, tütün bütün halların 90 faizində ağciyər xərçəngindən, 75 faizində bronxit və emfizemadan, təxminən 25 faizində isə ürək xəstəliyindən ölümün səbəbidir. Tənəffüs yolları xəstəliklərindən isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər xəstəliklərinin yaranması ehtimalı artır”, - deyə həkim qeyd edib.
Direktor bildirib ki, siqaret çəkən qadınlarda fertillik zəifləyir: “Tütün tüstüsü ilə orqanizmə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də onun bətnindəki dölə mənfi təsir göstərir. Siqaret tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalına və dölün oksigen çatışmazlığına gətirib çıxararaq bütün orqanlarda normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən kişilər çəkməyənlərdən təxminən 12 il, qadınlar isə təxminən 11 il az yaşayırlar”.
İ.Axundova vurğulayıb ki, tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski bu zərərli vərdişdən imtina etdikdən sonra azalır: “Siqareti tərgitdikdən sonra orqanizmdə normallaşma bir sıra etaplarla başlayır. Belə ki, ilk 20 dəqiqə ərzində qan təzyiqi normallaşır, 8 saat sonra qanda oksigen səviyyəsi tənzimlənir, miokard infarktı riski azalır, 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir. Tütündən imtina etdikdən 48 saat sonra qanda nikotinin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir, iki həftə-üç ay aralığında qan dövranı tam bərpa olunur. Həmçinin ağciyərlərin həyat tutumu 30 faiz artır, fiziki aktivlik yaxşılaşır, eləcə də 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50 faiz azalır, 5 il sonra ağciyər xərçəngi riski 2 dəfə azalır”.